Azərbaycanlı atlet Parisdə 41-ci beynəlxalq qaçış marafonunda iştirak edib - FOTO

Azərbaycanlı atlet Parisdə 41-ci beynəlxalq qaçış marafonunda iştirak edib - FOTO Elşən Quliyev Azərbaycan bayrağını başı üzərinə qaldıraraq finiş xəttini keçib
Fərdi
9 Aprel , 2017 19:25
Azərbaycanlı atlet Parisdə 41-ci beynəlxalq qaçış marafonunda iştirak edib - FOTO

Paris. 9 aprel. REPORT.AZ/ Bu gün Parisdə 41-ci beynəlxalq qaçış marafonu keçirilib.

1976- cı ildən etibarən hər il olduğu kimi bu il də peşəkar və həvəskar atletlər 42.195 km məsafəni qət etmək üçün Fransanın paytaxtına toplaşıblar.

"Report"un Fransa bürosu xəbər verir ki, 145 ölkədən olan 57 min atletin iştirak etdiyi bu marafona soydaşımız Elşən Quliyev də qoşulub. 42 min 195 km. məsafəni qət edən həmvətənimiz Azərbaycan bayrağını başı üzərinə qaldıraraq finiş xəttini keçib.

Qaçışa füsunkar Yelisey çöllərində start verən atletlər Parisin tarixi abidələrindən olan Luvr muzeyi, Konkord, Bastiliya meydanları, Vənsen və Bulon meşələrindən keçib Sena çayı boyunca qaçaraq Zəfər tağının qarşısında finiş xəttini adlayıblar. 250 min tamaşaçı maratonu canlı izləmək üçün paytaxtın küçələrinə axışıb.

Uşaq serebral iflici keçirmiş, ikinci dərəcəli əlil olan soydaşımız peşəkar atletlərlə çiyin- çiyinə qaçaraq finiş nöqtəsinə uğurla yetişib. E.Quliyev "Report" açıqlamasında Azərbaycanda da marafon hərəkatının vüsət aldığını və bunun sevindirici hal olduğunu söyləyib. Qaçışın insanların iradəsini gücləndirdiyini qeyd edən atlet, insanın istənilən xəstəliyin öhdəsindən gələ biləcəyinə inandığını, bu yolda fəal həyat tərzinin, xüsusilə qaçmağın əhmiyyətinindən danışıb.

2016- cı ilin sentyabr ayında dünyanın 5 aparıcı marafonlarından biri olan Moskva marafonunda iştirak edən Elşən Quliyev 42 km. məsafəni 5 saat 22 dəqiqəyə, may ayında isə Bakıda keçirilən yarım marafonda 21 min 500 km. məsafəni 2 saat 23 dəqiqəyə qaçıb.

Atletimiz bu ilin aprel ayının 30 da Bakıda və may ayında Kiyevdə keçiriləcək yarım marafonda iştirak etməyə hazırlaşdığını və gələcəkdə daha uğurlu göstəricilər əldə etmək üçün səylərini artıracağını bildirib.

Qadınların 25 faizini təşkil etdiyi builki Paris marafonunda iştirak edən atletlərin orta yaş səviyyəsi kişilər üçün 41, qadınlar üçün 40 olub. Qeyd edək ki, Paris marafonu dünyada keçirilən 5 aparıcı qaçış marafonları siyahısındadır. Paris marafonu tarixdə nadir olan bir nəticə ilə - Keniyadan olan ailənin birinciliyi ilə - kişilər üçün 2 saat 6 dəqiqə, qadınlar üçün 2 saat 20 dəqiqə olmaqla başa çatıb.

Son xəbərlər

Orphus sistemi