Azərbaycanın olimpiadadakı şef de-missionu: "Patrik Braxnerin 35-ci yeri tutması yaxşı nəticə sayılacaq" - MÜSAHİBƏ

Azərbaycanın olimpiadadakı şef de-missionu: "Patrik Braxnerin 35-ci yeri tutması yaxşı nəticə sayılacaq" - MÜSAHİBƏ "Bu idman növündə bir az qabağa düşmək üçün kiminsə yıxılmasını gözləyirsən"
Fərdi
19 Fevral , 2018 15:13
Azərbaycanın olimpiadadakı şef de-missionu: Patrik Braxnerin 35-ci yeri tutması yaxşı nəticə sayılacaq - MÜSAHİBƏ

Bakı. 19 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu Anar Bağırovun “Report”a müsahibəsi

- Olimpiadada Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də böyük slalom yarışında iştirak etməməsi nə ilə bağlıdır?

- Onun slalom yarışında daha çox şansı var. Bu səbəbdən, böyük slalom növündə mübarizə aparmasını lazım bilmədik.

- Bəs niyə əvvəlcədən hər iki yarışda iştirak edəcəyi deyilmişdi?

- Çünki qazandığı lisenziya ilə həm slalomda, həm də böyük slalomda iştirak edə bilərdi. Lakin bizim idmançı yalnız slalom növü üzrə ixtisaslaşıb. Biz onun adını böyük slaloma sifariş etməmişdik. Braxner fevralın 22-də slalomda qüvvəsini sınayacaq.

- Orada ümumi vəziyyət necədir?

- Hər şey normaldır, hava da yaxşılaşıb. Temperatur mənfi 5 – 7 dərəcədir. Bu, məşq üçün ən yaxşı hava şəraitidir. Yarışa hazırlaşırıq. Fevralın 21-də püşkatma olacaq.

- Braxner orada neçə məşqə çıxıb?

- Gəldiyimiz gündən bəri hər gün məşq edir. Rəsmi proqramda olan məşq proseslərində hər kəs iştirak etməlidir. Slalomda belədir ki, Fransa, Avstriya, Çin, ABŞ kimi aparıcı ölkələrin idmançıları məşq saatını özləri seçirlər. Azərbaycan kimi az sayda idmançı ilə təmsil olunan ölkələr isə onlara qoşulurlar. Məsələn, bir gün isveçlilərlə məşq edirsən, ertəsi fransızlarla.

- Azərbaycan Pxençxanda bir idmançı ilə təmsil olunur, o da əcnəbidir. Dağ Xizəkçiliyi Federasiyasının yerli idmançıların yetişdirilməsi baxımından nə kimi planları var?

- Azərbaycan daha çox Yay Olimpiya Oyunlarında böyük heyətlə təmsil olunur və uğurlu nəticələr qazanır. Artıq bizdə də Qış Olimpiya Kompeksləri var. Şahdağ və Qəbələdə uşaqlar qış idman növləri ilə məşğul olurlar. Gələcəkdə öz idmançılarımızın yetişməsi üçün plan mövcuddur. Yavaş-yavaş bəhrəsini görəcəyik. Qış olimpiadasında öz idmançılarımız da olacaq. Qış idman növlərində texnika önəmlidir. Beynəlxalq yarışlarda hələ medal qazanmaq üçün yox, iştirak etməkdən ötrü bir idmançını hazırlamağa 10 – 15 il lazımdır.

- Braxner yarışa neçənci sırada başlayacaq?

- Püşkatma belədir ki, reytinqdə öndə olanlar mübarizəyə daha tez başlayırlar. Braxner, təxminən, 35 - 45-ci olacaq. Yarış zamanı nə qədər çox idmançı çıxış etsə, qar bir o qədər pis olur. Bu idman növündə 30-cu yerdə mübarizəyə qoşulan idmançının 1-ci yeri tutmasına rast gəlinmir. İdmançı reytinq xalı qazanmaq, irəliləmək üçün 10 – 15 il ərzində müxtəlif yarışlarda iştirak etməlidir. Ona görə də bu idman növündə cavanlar yoxdur. Top-idmançılar 28 – 35 yaş aralığında olurlar.

- İdmançımızdan hansı nəticəni gözləyirsiniz? Belə çıxır ki, 35-ci yer bizim üçün yaxşı nəticə sayılacaq?

- Bəli. Slalomda ilk “40-lığ”a düşmək yaxşı nəticə sayılır. Braxner hazırda güclü idmançılarla birgə hazırlıq keçir və məşqlərdə yaxşı nəticə göstərir. Bu idman növündə bir az qabağa düşmək üçün kiminsə yıxılmasını gözləyirsən. Şans həmişə var.

- Səhhəti ilə bağlı problem yoxdur ki?

- Beş gün qabaq özünü zəif hiss etdi. Özü də xəstələnmədi, qarın nahiyəsində problem vardı. Poliklinikaya gedib bir dərman içdi, hər şey düzəldi.

- Hazırda orada Azərbaycanın nümayəndə heyətindən neçə nəfər var?

- İndi 3 nəfər qalmışıq. İdmançı, komandanın rəsmi nümayəndəsi Həsənağa Rzayev və mən. Digərləri Vətənə qayıdıblar. Burada idmançımızın yarışa rahat hazırlaşması üçün əlimizdən gələni edirik.

Son xəbərlər

Orphus sistemi