Yuxarı

İslamiada: Prezident İlham Əliyev Azərbaycan cüdoçularına medalları təqdim edib - YENİLƏNİB-3

İslamiada: Prezident İlham Əliyev Azərbaycan cüdoçularına medalları təqdim edib - YENİLƏNİB-3
Kişilər qızıl, qadınlardan ibarət yığma komandamız isə gümüş medalla kifayətlənib
© Report.az

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə kişilərdən ibarət komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva kişi cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar.

Azərbaycan yığmasının üzvləri finalda Əlcəzairi üstələyib. Rəqib görüşə 5 yox, 4 cüdoçu ilə çıxdığından Azərbaycan qarşılaşmaya 1:0 hesabı ilə öndə başlayıb. Bundan sonra Nicat Şıxəlizadə (66 kq) cərimə xalı ilə komandasının üstünlüyünü artırıb. Lakin Rüstəm Orucov (73 kq) ipponla uduzaraq, qələbəni təxirə salıb. 

Daha sonra Məmmədəli Mehdiyev (90 kq) tatami üzərinə çıxıb. Görüş vaxtı o, hesabda geridə olduğu vaxt zədələnib. Bununla belə, Mehdiyev döyüşü sarğı ilə davam etdirib. Lakin azərbaycanlı cüdoçu qələbəyə nail ola bilməyib. Beləliklə, hesab bərabərləşib - 2:2. 

Nəticədə bütün ümidlər 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauriyə qalıb. Kokauri görüşün əvvəlində fənd tətbiq edərək, vazari xalı alıb. Daha sonra o, ipponla qələbə qazanıb. Bununla da Azərbaycan komandası finalda Əlcəzairi 3:2 hesabı ilə yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.

Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qalib komandaların üzvlərinə medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion cüdoçularımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

*** 16:13

Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət komandası Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, qrup mərhələsində Özbəkistanı 3:2 hesabı ilə yenən heyət üzvləri finalda Türkiyəyə uduzublar.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan komandası da finala yüksəlib. Həlledici qarşılaşmada rəqib Əlcəzair olacaq. 

*** 12:38

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın cüdo komandası finala yüksəlib. "Report"un məlumatına görə, təşkilatçı ölkə təmsilçisi yarımfinalda Özbəkistanı üstələyib - 4:1.

Bunadək Azərbaycan komandası Qırğızıstan və Türkiyəni yenib. Finalda rəqib Qazaxıstan - Əlcəzair görüşünün qalibi olacaq.  

Foto: Firi Salim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi