Azərbaycanın boks millisinin heyətində dəyişikliklər edilib

Azərbaycanın boks millisinin heyətində dəyişikliklər edilib Nəriman Abdullayev: "Komandamız Avropa çempionatına hazırdır”
Fərdi
5 İyun , 2017 14:54
Azərbaycanın boks millisinin heyətində dəyişikliklər edilib

Bakı. 5 iyun. REPORT.AZ/ Kişi boksçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişikliklər edilib. "Report"un məlumatına görə, bu barədə yığmanın böyük məşqçisi Nəriman Abdullayev federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib. 

Təcrübəli mütəxəssis "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyət üzvlərindən bəzilərinin iyunun 14-də Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatına aparılmayacaqlarını söyləyib: “Bəzi boksçularımız İslamiadada zədələndi. Bu səbəbdən, əvəzedicilərinə şans verəcəyik. Məsələn, yarışda qaşları partlayan Tamerlan Abdullayev Avropa çempionatında iştirak edə bilməyəcək. Onun əvəzinə təcrübəli Pərviz Bağırovu sınayacağıq. 81 kq-da da dəyişiklik etmişik. Rauf Rəhimovun əvəzinə Eldar Quliyev özünü göstərməyə çalışacaq. Məsud Yusifzadənin isə çəkisi az olduğu üçün 52 kq-da deyil, 49 kq çəki dərəcəsində işləyəcək. Bu çəkidə dünya çempionumuz Elvin Məmişzadə rinqə çıxacaq. 91 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədovun İslamiadadan da öncə dirsəyində zədəsi vardı. Bu yarışda final döyüşündən sonra yenidən ağrılar hiss olunmağa başladı. Hazırda müalicə olunduğundan Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevə şans verəcəyik”. 

N. Abdullayev Avropa çempionatı ilə bağlı hədəflərini də açıqlayıb. O bildirib ki, məqsədləri uğurlu çıxışla yanaşı, dünya çempionatına maksimum sayda lisenziya qazanmaqdır: “Komandamızın heyətində 3 dünya çempionu var. Elvin Məmişzadə, Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidova ümidlərimiz böyükdür. Amma bu o demək deyil ki, digərlərinə inanmırıq. Biz hər bir boksçumuzdan uğur gözləyirik. Püşkdən də çox şey asılı olacaq. Qitə birinciliyində dünya çempionatına 10 vəsiqə də hədəfləmişik. Bunun üçün ilk “səkkizliy”ə düşmək kifayət edəcək”.  

Qeyd edək ki, iyunun 26-dək davam edəcək Avropa çempionatında baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.  

Son xəbərlər

Orphus sistemi