Yuxarı

Azərbaycanın akademik avarçəkənlərinin "Rio-2016"dakı rəqibləri müəyyənləşib

2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq

Bakı. 5 avqust. REPORT.AZ/ XXXI Yay Olimpiya Oyunları çərçivəsində akademik avarçəkənlər üçün püşkatma keçirilib. "Report"un məlumatına görə, bu növdə Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov duetinin rəqibləri müəyyənləşib.

2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar. Rəqiblər isə Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba), Robert Menson - Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər 2 yürüşün hər birinə isə 4 duet qatılacaq.

Reqlamentə əsasən, seçmə yürüşlərin yekununda ilk "3-lüy"ə düşənlər birbaşa yarımfinala yüksələcəklər. Qalan pillələrin sahibləri isə yarımfinala təşəlliverici yürüş vasitəsilə vəsiqə qazanmağa çalışacaqlar.

Qeyd edək ki, Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiadada ilk dəfə eyni qayıqda çıxış edəcək. Amma Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə finaladək yüksələrək, 5-ci yeri tutub. Yotov isə Yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

Rəqiblərə gəldikdə, Françesko Fossi - Romano Battisti (İtaliya) dueti 2013-cü ildən birgə çıxış edir. Həmin il onlar Avropa çempionu, III Dünya Kubokunun gümüş, dünya çempionatının bürünc mükafatçıları olublar. 2014-cü il dünya çempionatında gümüş, I Dünya Kubokunda bürünc medal qazanan duet ötən il II Dünya Kubokunda bürünc medalla kifayətlənib və dünya çempionatında 4-cü yerin sahibi kimi olimpiadaya yüksəlib. Robert Menson - Kristofer Harris (Yeni Zelandiya) dueti bürünc medal qazandıqları 2015-ci il dünya çempionatından etibarən birgə çıxış edir. Bu il isə onlar III Dünya Kubokunda qızıl, II Dünya Kubokunda gümüş medal əldə ediblər. Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) dueti ötənilki dünya çempionatının B finalında Aleksandrov - Yotov duetindən sonra finişə çataraq, 8-ci yerin sahibi kimi olimpiadaya yüksəlib. Builki reqatalarda isə onların ən yüksək nəticəsi III Dünya Kubokunda gümüş medal olub. Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba) duetinin ən yüksək nəticəsi bu il I Dünya Kubokunda 5-ci yer olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi