Azərbaycanı "Rio-2016"da 56 idmançı, 3 hakim təmsil edəcək

Azərbaycanı "Rio-2016"da 56 idmançı, 3 hakim təmsil edəcək Bütün idmançılar “Zika” virusu əleyhinə dərman vasitələri ilə təmin olunub
Fərdi
18 İyul , 2016 13:11
Azərbaycanı Rio-2016da 56 idmançı, 3 hakim təmsil edəcək

Bakı. 18 iyul. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 18 idman növü üzrə 56 idmançı təmsil edəcək. "Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki çıxışı zamanı bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycan 4 növdə ilk dəfə təmsil ediləcək. Komandanın əsasən titullu idmançılardan ibarət olduğunu deyən A.Rəhimov qarşıdakı olimpiadaya 3 hakimin də yollanacağını vurğulayıb. O bildirib ki, "Rio-2016"ya hazırlıq prosesi uğurla həyata keçirilib.

Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev idmançılara, ümumilikdə ölkədə idmanın inkişafına verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. O, budəfəki olimpiadada da uğurla çıxış edəcəklərini bildirib.

Paralimpiyaçı İlham Zəkiyev idmançıların qazandıqları qələbələrdə Prezident İlham Əliyevin xüsusi rolunu vurğulayıb. O, I Avropa Oyunlarında uğurla çıxış edən atletlərin "Rio-2016"da da müvəffəqiyyət qazanacaqlarına əminliyini ifadə edib.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Rəsul Çunayev Azərbaycanı olimpiadada təmsil etməkdən fərəh hissi duyduğunu və bu sınaqdan üzüağ çıxmağın qarşıda duran mühüm vəzifə olduğunu bildirib.

Sonra XXXI Yay Olimpiya Oyunlarına gedən idmançılar Olimpiya andı içərək, Azərbaycanın dövlət bayrağını öpüblər.

Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar diləyib.

Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub.

Bildirilib ki, bütün idmançılar “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub.

Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirib.

Son xəbərlər

Orphus sistemi