​Azərbaycan yığmasının məşqçisi: "Olimpiadada ciddi rəqabət olacaq"

​Azərbaycan yığmasının məşqçisi: "Olimpiadada ciddi rəqabət olacaq" Məşqçilər hazırlıq prosesini dəyərləndiriblər
Fərdi
2 Avqust , 2016 12:57
​Azərbaycan yığmasının məşqçisi: Olimpiadada ciddi rəqabət olacaq

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir. 

"Report"un məlumatına görə, şahmatçılar məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev, Sərxan Quliyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşırlar.

Məşqçilər Fikrət Sideyifzadə və Sərxan Quliyev Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq prosesini dəyərləndiriblər. 

F.Sideyifzadə Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsinin böyük hadisə olduğunu bildirib: "Olimpiadada 180-ə yaxın ölkə iştirak edəcək. Bu isə Bakıda dünyanın istənilən nöqtəsindən komandaların mübarizə aparacağı deməkdir. Meydan sahibi kimi yaxşı nəticə göstərməyə çalışacağıq. Bu günlərdə Qəbələdə ikinci təlim-məşq toplanışında iştirak edirik. Şahmatçılarımız yarışa çox ciddi hazırlaşırlar. Məşqlər gün ərzində 6-7 saat təşkil edir. Qadın şahmatçıların səylə hazırlaşmasından razıyam. Əsas diqqət debüt açılışına, partiyanın sonluğuna yönəlir. İnanıram ki, olimpiadada komandamız yaxşı çıxış etməklə layiqli yerini tutacaq".

S.Quliyev isə şahmatçıların böyük həvəslə hazırlaşdığını söyləyib: "Bu komandanın ikinci hazırlığıdır. Şahmatçılar böyük həvəslə məşq edirlər. Məsuliyyəti başa düşürlər. Məşqlər zamanı debütlə yanaşı rəqiblərin oyununu da müzakirə edirik. Olimpiadada qadın komandaların arasında ciddi rəqabət olacaq. Buna görə də rəqiblərin oyunları mütləq təhlil olunmalıdır. Olimpiadaya qədər daha iki toplanış planlaşdırılır. Əvvəlcə Gürcüstan yığmasıyla yoldaşlıq görüşündə iştirak edəcəyik. Son hazırlıq isə avqustun 19-da başlayacaq. İnanıram ki, qadın şahmatçılarımız olimpiadaya tam hazır olacaq".

Qeyd edək ki, ikinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi