Yuxarı

Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb

Gənclər və İdman naziri Azad Rəhimovla Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal naziri xanım Fehmida Mirza Nini qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qonağı səmimi qəlbdən salamlayan A.Rəhimov Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən birincisi olduğunu və hər iki ölkənin illərə sığınan dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək. Eyni zamanda qeyd olunub ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və digər idman qurğularında da olmaqla Azərbaycanın idman infrastrukturu haqqında daha geniş məlumat əldə edə biləcək.

Gənclər sahəsi haqqında da qonağa məlumat verən A.Rəhimov Gənclər və İdman Nazirliyi tərəfindən uzun müddətdir ki, müxtəlif ölkələrdə gerçəkləşdirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də aktiv iştirak etdiklərini və qaliblərin dəfələrlə Azərbaycana səfər etdiklərini diqqətə çatdırıb.

Qonaqpərvərlik üçün xüsusi təşəkkürünü bildirən xanım Fehmida Mirza Ni Azərbaycanın idman sahəsində çox inkişaf etdiyini və Pakistanın Azərbaycan təcrübəsindən yararlanmaqda xüsusi maraqlı olduğunu bildirib. Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını çox böyük uğurla keçirdiyini və Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu söyləyib. Qonaq bildirib ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən xanım Fehmida Mirza Ni işləniləcək idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğulayıb.

Xanım Fehmida Mirza Ni Azərbaycan və Pakistan idmançılarının müxtəlif idman növlərində təlim məşq toplantılarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirmənin vacibliyini diqqətə çatdırıb. O, Pakistanın Azərbaycanın idman təcrübəsindən yararlanmaq istədiyini vurğulayıb.

Azərbaycanın əsrarəngiz ölkə olduğunu və turizm potensialının da çox inkişaf etidiyini söyləyən qonaq pakistanlıların son illərdə bu ölkəyə göstərdikləri böyük maraqdan da xüsusi söz açıb.

Daha sonra Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb.

Sonda qonağa xatirə hədiyyələri təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi