Azərbaycan Taekvondo Federasiyasında maliyyə problemləri həllini tapmağa başlayıb

Azərbaycan Taekvondo Federasiyasında maliyyə problemləri həllini tapmağa başlayıb Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasında maliyyə problemləri həllini tapmağa başlayıb.
Fərdi
24 Oktyabr , 2018 11:11
Azərbaycan Taekvondo Federasiyasında maliyyə problemləri həllini tapmağa başlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasında maliyyə problemləri həllini tapmağa başlayıb.

Bu barədə “Report”a qadın taekvondoçulardan ibarət milli komandanın baş məşqçisi, Avropa çempionu Elnur Amanov məlumat verib. E.Amanovun sözlərinə görə, bundan sonra yığmaların beynəlxalq yarışlarda iştirakı davamlı olacaq: “Maliyyə problemləri əvvəllər də var idi. İndi isə bir az qaydasına düşüb, problemlər həllini tapmaqdadır. Hər şey yavaş-yavaş qaydasına düşməkdədir. Bundan sonra yarışlarda iştirakımız davamlı olacaq. Gələn ay Xorvatiyanın paytaxtı Zaqrebə turnirə getməliyik. Qran Pri finalından əvvəl orada idmançıları sınamalıyıq. Dekabrda isə Dünya Kuboku olacaq. Orada komanda şəklində iştirak edəcəyik”.

Baş məşqçi Azərbaycanın kişi və qadın taekvondoçularının İngiltərənin Mançester şəhərində keçirilmiş Qran Pridə medal qazana bilməməsinin səbəblərində də söz açıb: “10 - 13 mayda Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatından sonra heç bir yarışda iştirak etməmişdik. Digər tərəfdən, Qran Priyə 10 gün qalmış Fəridə Əzizovanın əli çatladı, Qaşım Maqomedov əzələsini dartdı. Ayxan Tağızadə isə xidmətdə olduğu bölgələrdən birindəki hərbi hissədən MOİK-ə qayıtdıqdan sonra az məşq etdi. Qran Priyə getməsəydik, bizə cərimə verəcəkdilər. Ona görə də məcburən bu yarışda iştirak etdik”.

Gənc mütəxəssis daha əvvəl ilk Qran Pridə iştirak etmədiklərinə görə cərimələndiklərini deyib: “Avropa çempionatından sonra viza məsələlərinin həll etməyə vaxtımız az olduğu üçün İtaliyanın paytaxtı Romadakı Qran Priyə qatıla bilmədik. Halbuki, iştirakımızı öncədən təsdiqləmişdik. Romaya səbəbsiz yollanmadığımız üçün Rusiyanın paytaxtı Moskvadakı Qran Priyə buraxılmadıq. Çin Taypeyindəki üçüncü Qran Priyə isə uzaqda olduğu üçün getmədik. Bu dəfə isə Mançester Qran Prisinə getməli olduq. Tam hazır olmasaq da, iştirak etdik. Orada çəkiölçmədən keçmək belə idmançıya iki xal verir. 22-23 noyabrda isə Birləşmiş Ərəb Əmirliklərində Qran Prinin finalı olacaq. Bu yarışda da iştirak etmək niyyətindəyik”.

Baş məşqçi Azərbaycan millisinin liderləri - Radik İsayevlə Milad Beigi Harçeqaninin Mançesterə aparılmamasının səbəbini də söyləyib: “Radikin çiynində bir az yüngül problem var idi. Həm də övladı dünyaya gəlib, oğlu olub. Final mərhələsində isə iştirak edəcək. İki gündən sonra yenidən məşqlərə başlayırıq. O da komandaya qoşulacaq. Harçeqaninin isə topuğunda zədəsi var idi. Digər tərəfdən, əslən iranlı olduğu üçün qonşu ölkənin qanunlarına əsasən, ora ildə maksimum iki dəfə gedib-qayıda bilər. Bu səbəbdən, yarışa bir müddət qalmış İrana yollandı. Sonra isə bizə bildirdi ki, topuğundakı zədəsinin müalicəsi ilə məşğuldur. Ona görə də Mançesterdəki Qran Priyə çatmadı. Həm Radik, həm də Milad Qran Prinin final mərhələsində iştirak edəcəklər. Finalda hər çəkidə 16 taekvondoçu çıxış edir. Ona görə də ola bilsin, BƏƏ-yə 8 yox, 4 idmançımız getsin”.

Qeyd edək ki, Mançester Qran Prisində milli komandanın heyətində Qaşım Maqomedov (58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq) və Fəridə Əzizova (67 kq) yer alıb. Patimat Abakarova (49 kq) isə Türkiyənin İstanbul şəhərində pasportunu itirdiyi üçün İngiltərəyə gedə bilməyib.

Son xəbərlər

Orphus sistemi