“Heyrətamizdir – 1000-ci Qran-pridə əvvəlcə "poul"u qazandıq, sonra yarışın gedişinə tam nəzarət etdik”.
“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bunu Almaniya “Mercedes”inin icraçı direktoru Toto Volff komandanın pilotu Lüis Hemiltonun Çin Qran-prisində əldə etdiyi qələbədən sonra deyib. Avstriyalı funksioner eyni anda iki pit-stop reallaşdırmaları ilə fəxr etdiyini söyləyib: “Belə vəziyyətdə hər şeyi əldən vermək təhlükəsi var. Amma biz fikirləşdik ki, əvvəlcə bir, sonra digər pilotu pit-stopa çağırmaqla mövqeyimizi itirə bilərik. Mexaniklər əla işlədilər. Əlbəttə Valtteri narazı olacaq. Çünki qələbə üçün yetərincə sürətli idi. Lakin start həlledici amil oldu”.
T.Volff 26 – 28 apreldə keçiriləcək Azərbaycan Qran Prisi barədə də fikirlərini bölüşüb: “Bakıdakı tras əvvəkilərdən fərqlənir. Oradakı birbaşa yollar çox uzundur. Opitmal gücün nisbətindən və gücün sıxılmasından çox şey asılıdır. Növbəti maraqlı mübarizə ərəfəsindəyik. Yarışı səbrsizliklə gözləyirik”.
Qeyd edək ki, “Mercedes” Şanxaydakı zəfərlə 1992-ci ildən bəri mövsümün startında ardıcıl 3 qələbə əldə edən ilk komanda olub. Hemilton Şanxaydan öncə Bəhreyn Qran Prisində birinci yeri tutub. Onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.
Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.