Azərbaycan Qran Prisi üçün tribunaların tikintisi İslamiadayadək yekunlaşdırılacaq

Azərbaycan Qran Prisi üçün tribunaların tikintisi İslamiadayadək yekunlaşdırılacaq Niyazi küçəsində qəmbər daşlarının asfaltla əvəzlənməsi işləri bir həftəyədək davam edəcək
Fərdi
15 Aprel , 2017 13:37
Azərbaycan Qran Prisi üçün tribunaların tikintisi İslamiadayadək yekunlaşdırılacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Bakı Şəhər Halqasının Niyazi küçəsindəki 15-ci döngəsindən 16-cı döngəsinədək olan qəmbər daşlı hissəsində asfalt qatının çəkilməsi ilə bağlı işlərə başlanılıb. "Report"un məlumatına görə, hazırda əraziyə xeyli texnika cəlb olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Batçer jurnalistlərə açıqlamasında bildirib ki, ötən il də burada Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) standartlarına uyğun asfalt örtüyü çəkilib. Yarış başa çatdıqdan sonra həmin asfalt qatı qopardılıb və qəmbər daşlı hissədə heç bir zədə qeydə alınmayıb.

Onun sözlərinə görə, asfalt qatından öncə qəmbər daşlı hissənin üzərinə qoruyucu qat olaraq çınqıllar tökülür: “İki təbəqədən sonra isə asfalt qatları çəkiləcək. İşlər FİA-nın standartlarına əsasən həyata keçirilir. Bu hissədəki asfaltlama işləri əsasən həftəsonu və növbəti hətfənin ilk günlərində aparılacaq ki, şəhər sakinlərinin hərəkətinə maneçilik törədilməsin”.

Görülən işlərin 7 gün davam etməsinin planlaşdırıldığını deyən T.Butçer hava şəraitindən asılı olaraq bu müddətin dəyişə biləcəyini vurğulayıb: “Hava şəraiti arzuolunan səviyyədə keçsə, işləri 5 günə də tamamlaya bilərik. Bu işlərin 7 gündən daha tez baş çatdırılması üçün səy göstəririk”.

BŞH rəsmisi bildirib ki, afaltlama işlərini aparan yerli AZVİRT şirkəti ötən il trekin bütün hissəsində asfalt qatının çəkilməsini həyata keçirib. T.Batçer Niyazi küçəsinin qəmbər daşlı hissəsindəki asflat qatının növbəti illərdə də saxlanılması ilə bağlı səlahiyyətin onlara deyil, müvafiq dövlət orqanlarına aid olduğunu vurğulayıb. O, trek ətrafındakı tribunaların tikintisini IV İslam Həmrəyliyi Oyunlarınadək yekunlaşdırmaq istədiklərini də diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi