Azərbaycan millisinin baş məşqçisi: "Lorentso Sotomayor söz verib, and içib ki, qayıdacaq" - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi: "Lorentso Sotomayor söz verib, and içib ki, qayıdacaq" - MÜSAHİBƏ Leonid Loivski Elvin Məmişzadənin ittihamlarına cavab verib
Fərdi
31 Yanvar , 2018 13:32
Azərbaycan millisinin baş məşqçisi: Lorentso Sotomayor söz verib, and içib ki, qayıdacaq - MÜSAHİBƏ

Bakı. 31 yanvar. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Leonid Loivskinin "Report"a müsahibəsi...

- Hazırda davam edən Azərbaycan çempionatının səviyyəsi və rəqabət barədə hansı fikirdəsiniz?

- İlk günlərdə rəqabət yüksək deyildi. Çünki çoxlu zəif boksçu da çıxış edirdi. Azərbaycan çempionatında güclülər mübarizə aparmalıdırlar. Ötən ilin noyabrında Bakının açıq çempionatını keçirmişdik. Yaxşı olardı ki, oradan 4 boksçu, digər bölgələrdən də 4-ü gəlsin və nəticədə hər çəkidə ölkə çempionluğu uğrunda yarış "8-lik" arasında getsin. Amma indi hər çəkidə 30 boksçu çıxış edirsə, onlardan 4-ü nəyəsə dəyir.

- Düşünmürsünüz ki, bu, aparıcı boksçuların yoxluğu ilə əlaqədardır?

- Biz bütün aparıcı boksçuları Azərbaycan çempionatında döyüşməyə məcbur etmişik. Yalnız Kamran Şahsuvarlı ilə Məhəmmədrəsul Məcidov istisnadır. Çünki 2017-ci il çox ağır keçib. İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatlarında çıxış etdiklərini nəzərə alaraq, onlara istirahət vermişik. Bununla belə, Şahsuvarlı və Məcidov təlim-məşq toplanışları, beynəlxalq turnirlərə qatılacaqlar. Qalanları isə vuruşaraq, Azərbaycan yığmasında yer almağa layiq olduqlarını sübuta yetirməli idilər. Lakin kimisi bir az soyuqladı, kimisi xəstələndi, kimisi formada olmadı. Bunlar isə onların öz problemləridir.

- 2015-ci ilin dünya çempionu Elvin Məmişzadənin iştirak etməməsi barədə nə deyə bilərsiniz?

- Məmişzadə ötən il də ölkə çempionatına qatıla bilməmişdi. O, ağrılarının olduğunu əsas gətirmişdi. "Böyük İpək Yolu" turnirində isə çəkisi artıq olduğu üçün döyüşmədi. Ona özünü Avropa çempionatında göstərmək imkanı yaratdıq, lakin elə ilk döyüşdəcə uduzdu. Ondan sonra bir daha görünmədi. Bu, onun vəziyyətindən, sağlamlığından və istəyindən asılı məsələdir. Məmişzadə yaxşı, texnikalı boksçudur. Amma bu, keçmişdə qalıb. İndi isə vuruşmalı, özünü təsdiqləməlidir. Onunla bağlı başqa bir problem yoxdur.

- Lakin özü "Report"a müsahibəsində bildirib ki, sizi düzgün məlumatlandırmırlar...

- Mənim üçün birinci növbəli məsələ rinqdir. Bu halda digər şərhləri eşitmirəm. Nəyə görə o, bu gün döyüşmür? Hər şey idmançının özündən asılıdır. Bir dəfə onu yığmadan da kənarlaşdırmışıq. Çünki İslamiada üçün heyəti müəyyənləşdirdiyimiz vaxt Məmişzadə artıq çəki səbəbindən iştirak etmədi. Onun çəki problemi var idi. Eyni çəki dərəcəsindəki Məsud Yusifzadənin valideynləri dedilər ki, bu halda Məmişzadə turnirdə iştirak edə bilməz. Hər bir uğur üçün zəhmət lazımdır. Dünya çempionu ciddi, ad-sanlı boksçu olmalıdır. Bunu təsdiqləmək üçün isə iki qat artıq güclə məşq etmək, iki qat güclü olmaq lazımdır. Çünki səni əvvəllər tanımırdılarsa, dünya çempionu olandan sonra tanımağa başlayırlar və daha yaxşı hazırlaşırlar. Bunu nəzərə almayanlar bizim cəzamızı gözləmədən özləri özlərini cəzalandırırlar.

- Bu il heç bir ciddi yarışınız olmayacaq. Belə bir şəraitdə hazırlıq planınızı necə quracaqsınız?

- Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının təqvim proqramına əsasən, bu il ciddi yarışımız yoxdur. Amma bu, o demək deyil ki, yerimizdə durmalıyıq. Boksçularımız 5-6 seçilmiş beynəlxalq turnirdə sınaqdan çıxaracağıq. Ciddi təlim-məşq toplanışları keçirməliyik. Gərgin zəhmət bahasına üzərimizdəki yükü atmalıyıq ki, gələn il keçiriləcək Avropa və dünya çempionatlarına, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərə hazır olaq. Kimsə Azərbaycan çempionatında üzrlü səbəb olmadan iştirak etmirsə, bu, çox pis haldır.

- Yığmada yeni adlar görürsünüz?

- Hələ deyə bilmərəm. Bunu Azərbaycan çempionatının finalları göstərəcək. Amma ən ağır çəkidə çoxdan tanıdığım gənc boksçu Xəzər Əliyev Ukraynadan bura gəlib. Eyni zamanda Məsud Yusifzadə, Kamran Şahsuvarlı, Cavid Çələbiyev, Məhəmmədrəsul Məcidov kimi özlərini təsdiqləmiş boksçularımız var.

- Bəs 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorentso Sotomayor barədə hansı fikirdəsiniz?

- O da özünü sübuta yetirməlidir. Lorentso ötən il yığmada idi, indi isə Azərbaycan çempionatında iştirak etmir. Çünki hazırda vətəni Kubadadır və yaxınlarından kimsə dünyasını dəyişib. Onunla bağlı müəyyən məsələlər var. Bunu Azərbaycan Boks Federasiyasının rəhbərliyi daha dəqiq deyə bilər. Mənim üçün kim rinqdədirsə, döyüşürsə, o da yığmaya dəvət almağa potensial namizəddir.

- Azərbaycana qayıdacaqmı?

- Söz verib, and içib ki, qayıdacaq və artıq çəkidən qurtulduqdan sonra öz çəki dərəcəsindəki bütün rəqiblərini məğlub edərək, yenidən bir nömrəli boksçu olacaq. Ötən il bizimlə birgə məşq edib, Avropa və dünya çempionatlarına qatılıb. Amma ötən il qitə çempionatından əvvəl də yaxınlarından kiminsə öldüyünü deyərək, Kubaya yollanmışdı. Amma həmin vaxt Ukraynanın Xarkov şəhərindəki yarışa özünü çatdıra bilmişdi.

Son xəbərlər

Orphus sistemi