Azərbaycan karateçisi olimpiya lisenziyalı yarışdan kənarda qalmasını məsuliyyətsizliklə əlaqələndirib

Azərbaycan karateçisi olimpiya lisenziyalı yarışdan kənarda qalmasını məsuliyyətsizliklə əlaqələndirib Bir az məsuliyyətsizlik olub. Xarici pasportuma baxılmayıb. Federasiyada xəbərləri olmayıb ki, mənim vizam yoxdur. Özüm iki həftə ərzində təlim-məşq toplanışında olmuşam.
Fərdi
22 Yanvar , 2020 14:49
Azərbaycan karateçisi olimpiya lisenziyalı yarışdan kənarda qalmasını məsuliyyətsizliklə əlaqələndirib

"Bir az məsuliyyətsizlik olub. Xarici pasportuma baxılmayıb. Federasiyada xəbərləri olmayıb ki, mənim vizam yoxdur. Özüm iki həftə ərzində təlim-məşq toplanışında olmuşam".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan karateçisi Asiman Qurbanlı Fransanın paytaxtı Parisdə keçiriləcək “Karate1” Premyer Liqa turnirinə gedə bilməməsi ilə bağlı danışarkən deyib.

84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı hazırlıq prosesindən öncə zədəsini müalicə etdiyini bildirib: "Özümün pasportdan xəbərim olmayıb, baxmamışam. Toplanışdan evə gələndə gördüm ki, pasportda viza müddəti bitib. Getdim federasiyaya müraciət etdim, mənə dedilər ki, artıq gecdir. Bununla da yarışdan kənarda qaldım".

"Minsk 2019" II Avropa Oyunlarının qalibi Premyer Liqanın ən önəmli yarışlardan biri olduğunu diqqətə çatdırıb: "Mənə 500-600 xal lazımdır ki, rəqibimdən qabağa keçim və olimpiadaya düşüm. İndi daha da geriyə düşdüm. Hazırda məndə reytinq önəmli deyil. Avropa Oyunlarının qızıl medalçısıyam. Orada titullu medalçılar arasında rəqabət aparırıq. Reytinqlə "Tokio-2020"yə düşən idmançıları çıxandan sonra Latviya təmsilçisi Kalvis Kalninslə (60 kq) mən qalıram. Avropa Oyunlarının qızıl medalçılarından yalnız biri vəsiqə qazanacaq. Biz reytinqdə geridəyik. Mübarizə öz aramızda gedir. O isə məndən 500 xal irəlidədir. Mayadək ondan üstün olsam, olimpiadaya düşürəm. Bir qızıl medalçının olimpiadaya düşmək şansı var".

Qurbanlı Yay Olimpiya Oyunlarına vəsiqə şansından da söz açıb: "Gedə bilmədiyim yarışda 2 və ya 3-cü döyüşdə uduzsaydım, yenə xal qazanacaqdım. Rəqib isə iştirak edir. Növbəti yarışlarda məsuliyyətim daha da artacaq. Ən azı gərək bir dəfə çempion olam və bürünc medal qazanam. Avropa çempionu da olmalıyam. Lisenziya şansları mənim üçün yetərincə çətinləşdi. Amma heç nəyi bilmək olmaz. Bəlkə də istəyimə nail oldum. Çirkin danışsaq, gərək ümid edim ki, latviyalı idmançı uğursuz çıxış etsin".

Qeyd edək ki, "Karate 1" Premyer Liqa 24 - 26 yanvarda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi