Yuxarı

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıblar

Bakı. 16 mart. REPORT.AZ/ Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.

“Report”un məlumatına görə, günün nəticələrinə əsasən, Azərbaycanın qadın gimnastları 2 alətdə finala vəsiqə qazanıblar. 

Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, paralel qollarda isə M.Nekrasova və Mariya Smirnova medallar uğrunda mübarizə aparacaqlar.

İdmançıların təsnifat yarışlarının ardınca isə turnirin açılış mərasimi start götürüb.

Tədbiri Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev açaraq bu gün ölkədə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb. Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Y.Məmmədəliyev bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra “Gimnastika - gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Azərbaycan Dövlət Himnini səsləndirərək bədii hissəyə giriş edib. Ardınca isə meydança azyaşlı gimnastların ixtiyarına verilib. Maraqlı şou proqramla izləyicilərin qarşısına çıxan 130-dan çox gimnast öz bacarıqlarını sərgiləyərək açılış mərasiminə yekun vurublar.

Qeyd edək ki, bu gün xanım gimnastlar sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi