Yuxarı

Azərbaycan gimnastı Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan tamblinqçisi Mixail Malkin bu gün Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, gənc idmançı təsnifat mərhələsində 74,9 xalla 2-ci olub. Ən yaxşı göstəriciyə isə rusiyalı Vadim Afanasyev imza atıb - 75,6.

İlk 8 yeri tutan gimnastlar final mərhələsinə adlayıblar.

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

Qeyd edək ki, iki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi