Azərbaycan cüdoçusu dünya çempionatında beşinci yeri tutub - YENİLƏNİB-9

Azərbaycan cüdoçusu dünya çempionatında beşinci yeri tutub - YENİLƏNİB-9 Daha 2 cüdoçu isə mübarizəni dayandırıb
Fərdi
20 Sentyabr , 2018 17:52
Azərbaycan cüdoçusu dünya çempionatında beşinci yeri tutub - YENİLƏNİB-9
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 5-ci yeri tutub.

“Report” xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı bürünc medal uğrunda görüşdə gürcüstanlı Amiran Papinaşviliyə məğlub olub.

Qeyd edək ki, ilk yarış günündə tatamiya çıxan digər Azərbaycan cüdoçuları - Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) medalçılar sırasına düşə bilməyib. Hər iki idmançı 1/8 finalda uduzub.


***16:48. Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazana bilər

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında ilk təsəlliverici görüşünə çıxıb.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançının rəqibi KXDR təmsilçisi Kim Yonq Qvon olub. Hüseynov rəqibinə ipponla qalib gəlib.

O, bürünc medal uğrunda Robert Mşvidobadze (Rusiya) - Amiran Papinaşvili (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.


***13:12. Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. 

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsindəki 20 yaşlı idmançının rəqibi yaponiyalı ikiqat dünya çempionu Naohisa Takato olub. Takato 37 saniyəyə ipponla qalib gələrək, yarımfinala yüksəlib. Hüseynov isə bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq. Bu mərhələdə ilk rəqib KXDR təmsilçisi Kim Yonq Qvon olacaq.  

Qarşılaşmalar saat 16:00-da start götürəcək. 


*** 12:57. Azərbaycanın gənc cüdoçusu dünya çempionatında 1/4 finala yüksəlib - YENİLƏNİB-6

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. 

"Report" xəbər verir ki, 20 yaşlı idmançı 1/8 finalda ispaniyalı Fransisko Qarriqosu məğlub edib. Onun növbəti rəqibi yaponiyalı ikiqat dünya çempionu Naohisa Takato olacaq. 


*** 12:34. Azərbaycanın gənc cüdoçusu 1/8 finala yüksəlib - YENİLƏNİB-5

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. 

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovu 2 dəqiqə 32 saniyəyə ipponla məğlub edib. Hüseynov bu qələbəni görüş zamanı çiynindən zədələnməsinə və bir epizodda işlətdiyi fəndə xal verilməməsinə rəğmən əldə edib. Hüseynovun növbəti rəqibi ispaniyalı Fransisko Qarriqos olacaq.

Bu çəkidəki digər cüdoçu Orxan Səfərov isə 1/8 finalda gürcüstanlı Amiran Papinaşviliyə 20 saniyəyə ipponla uduzaraq, mübarizəni dayandırıb. 

48 kq çəki dərəcəsində yer alan qadın cüdoçu Aişə Qurbanlı da 1/8 finalda argentinalı Paula Paretoya ipponla uduzaraq, çıxışlarını başa vurub.  


*** 12:07. Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında 1/8 finala yüksəlib - YENİLƏNİB-4

Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. 

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı 1/16 finalda madaqaskarlı Nazir bin Abdunu 12 saniyəyə ipponla məğlub edib. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Avropa və dünya çempionu Amiran Papinaşvili olacaq. 

Bu çəkidəki azərbaycanlı digər cüdoçu Kəramət Hüseynov isə 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl qadınlar arasında 48 kq çəki dərəcəsində yer alan Aişə Qurbanlı da 1/8 finala yüksəlib. 


*** 11:32. Azərbaycanın qadın cüdoçusu dünya çempionatında 1/8 finala yüksəlib - YENİLƏNİB-3

Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlı Bakıda start götürən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/16 finalda avstraliyalı Karolin Heynə 1 dəqiqə 31 saniyəyə ipponla qalib gəlib. Onun növbəti rəqibi argentinalı Paula Pareto olacaq.  


**** 11:24. Azərbaycanın hər üç cüdoçusu dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB-2

Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın hər 3 təmsilçisi ilk görüşünü qələbə ilə başa vurub.

"Report"un məlumatına görə, son olaraq, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/32 finalda belçikalı Joran Şildermansa ipponla qalib gəlib. O, cəmi 69 saniyəyə təmiz qələbə qazanıb. Hüseynov 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovla üz-üzə gələcək.

Daha əvvəl bu çəkidəki azərbaycanlı digər cüdoçu Orxan Səfərov 1/32 finalda monqolustanda Amartuvşin Bayaraanı ipponla yenib. Onun 1/16 finaldakı rəqibi madaqaskarlı Nazir bin Abdu olacaq.

Qadınlar arasında 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə 1/32 finalda hollandiyalı Amber Gersyesi cərimə xalları hesabına üstələyib. Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq. 


*** 11:03. Azərbaycanın daha bir cüdoçusu dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB

Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi tatami üzərinə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/32 finalda monqolustanda Amartuvşin Bayaraa ilə üz-üzə gəlib. Səfərov qarşılaşmanın bitiminə 52 saniyə qalmış ipponla qələbə qazanıb. Onun 1/16 finaldakı rəqibi Edvin Sello (Botsvana) - Abdu Bin Nazir (Madaqaskar) görüşünün qalibi olacaq.

Bu çəkidə Azərbaycanın daha bir təmsilçisi Kəramət Hüseynov ilk görüşünü 1/32 finalda belçikalı Joran Şildermansa qarşı keçirəcək.

Qeyd edək ki, daha əvvəl Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyesi cərimə xalları hesabına üstələyib. Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq. 


*** 10:18. Azərbaycanın qadın cüdoçusu dünya çempionatına qələbə ilə başlayıb

Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın ilk təmsilçisi tatami üzərinə çıxıb.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, rəqibini cərimə xalları hesabına üstələyib.

Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq. 

Fotolar: Firi Salim

Son xəbərlər

Orphus sistemi