Yuxarı

Azərbaycan cüdoçusu Bakıda keçirilən dünya çempionatında finala yüksəlib - YENİLƏNİB-6

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

Qeyd edək ki, bunadək Bakıda keçirilən dünya çempionatında Azərbaycan cüdoçularından yalnız biri – Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.


***16:24. Azərbaycanın ən ağır çəkili qadın cüdoçusu dünya çempionatında çıxışını başa vurub.

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı bürünc medal qazanmaq üçün ilk təsəlliverici döyüşdə türkiyəli Kayra Sayıta uduzub. O, əlavə vaxtın 23-cü saniyəsində ipponla məğlub olub.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100) yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.


***12:02. Azərbaycanın ən ağır çəkili cüdoçularından biri dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksələ bilməyib. 

“Report”un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 27 yaşlı idmançı 1/4 finalda bosniya və herseqovinalı Larisa Çeriçə 1 dəqiqə 22 saniyəyə ipponla məğlub olub. Azərbaycanlı cüdoçu bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskanın ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq. 


*** 11:51

Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında yarımfinal yüksəlib.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı 1/4 finalda çexiyalı olimpiya çempionu Lukas Krpaleki məğlub edib. Kokauri yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.


*** 11:47

Azərbaycan ağır çəkili cüdoçuları Bakıda keçirilən dünya çempionatında 1/4 final yüksəliblər. 

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri 1/8 finalda ukraynalı Aleksandr Qordiyenkoya qalib gəlib. O, 2 dəqiqə 9 saniyəyə ipponla qələbə qazanıb. 26 yaşlı idmançı 1/4 finalda çexiyalı Lukas Krpaleklə qarşılaşacaq. 

78 kq-dan yuxarı çəkidə çıxış edən İrina Kindzerska isə 1/8 finalda puerto-rikolu Melissa Moxikadan güclü olub. O, 1/4 final mərhələsində rəqibi bosniyalı Larisa Çeriçlə üz-üzə gələcək.


*** 11:06

Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə belaruslu Vladislav Terpitskiyə 1 dəqiqə 2 saniyəyə ipponla qalib gəlib. Onun növbəti mərhələdəki rəqibi ukraynalı Aleksandr Qordiyenko olacaq.


*** 10:57

Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi