​Azərbaycan cüdoçuları "World Masters" turnirindəki çıxışlarını dəyərləndiriblər

​Azərbaycan cüdoçuları "World Masters" turnirindəki çıxışlarını dəyərləndiriblər "Hər çəkidə dünyanın ən güclü reytinqinə malik 16 cüdoçu yarışırdı"
Fərdi
2 İyun , 2016 12:01
​Azərbaycan cüdoçuları World Masters turnirindəki çıxışlarını dəyərləndiriblər

Bakı. 2 iyun. REPORT.AZ/ "Şadam ki, qızıl medal qazana bildik. Ötən il bu yarışda ikinci yeri tutmuşdum, amma bu dəfə çempion oldum". "Report"un məlumatına görə, bunu Meksikanın Qvadalaxara şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına son lisenziya xarakterli "World Masters" turnirində qızıl medal qazanmış cüdoçu Orxan Səfərov deyib.

60 kq çəkidə çıxış edən idmançı turnirdə güclü idmançıların olduğunu bildirib: "Yarışa dünya reytinqində ilk 16-lıq-da olanlar qatılmışdı. Əsas rəqiblərimizdən monqollar, koreyalılar, yaponlar, fransızlar iştirak edirdi. Belə gərgin mübarizədə qalib olduğum üçün çox şadam".

100 kq-da fəxri kürsünün ən yüksək pilləsinə layiq görülən Elmar Qasımov gücündən asılı olmayaraq hər bir idmançının "World Masters"ə çempionluq üçün qatıldığını söyləyib. Qızıl medalçı nəticədən razılığını ifadə edib.

Turnirin bürünc medalçısı Nicat Şıxəlizadə ən yaxşı reytinqə malik idmançıların da çıxış etdiyi turniri belə dəyərləndirib: "Demək olar ki, bu, dünyanın ən güclü yarışlarından biri idi. Əlbəttə, burada zəif idmançı ola bilməz". 

66 kq çəkidə mübarizə aparan cüdoçu zədəsini tam bərpa etdiyini də söyləyib: "Zədəmlə əlaqədar mötəbər yarışlarda iştirak etmirdim. Zədədən sonra yarışda nəticə qazanmaq çox çətin olur. Buna baxmayaraq, sağaldım, yarışa ciddi hazırlaşdım və bürünc medal qazandım".

Qeyd edək ki, "World Masters" turnirində Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) ilə Rüstəm Orucov (73 kq) bürünc medala sahib olublar. Azərbaycan millisi 51 ölkənin qatıldığı turniri kişilərin sıralamasında 1-ci, ümumi sıralamada 2-ci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi