Yuxarı

“Azerbaijan International 2019” turnirində qaliblər müəyyənləşib

“Azerbaijan International 2019” turnirində qaliblər müəyyənləşib

Badminton üzrə “Azerbaijan International 2019” turnirində 5 kateqoriyada qaliblər bəlli olub. 

"Report" xəbər verir ki, kişilərin şəxsi yarışında finalda isveçli Feliks Burestedtə 2:0 (21-13, 21-12) hesabı ilə qalib gələn Danimarka təmsilçisi Rasmus Gemke turnirin qalibi adını qazanıb. 

Qadınların şəxsi mübarizəsində isə ən güclü tailandlı Pittayaporn Çaivan olub. O, həlledici görüşdə Belçika təmsilçisi Lian Tan üzərində 2:0 (21-15, 21-16) hesablı qələbəyə sevinib.

Qarışıq qoşa yarışlarında fransalı Tom Jikel-Delfin Delru tandemi alman Mark Lamsfuss-İzabel Hertriç cütündən güclü olub - 2:1 (9-21, 23-21, 21-15).

Qadınların qoşa yarışında ingiltərəli Kloe Börç-Lauren Smit cütü Rusiya idmançıları Yekatirina Bolotova ilə Alina Davletovaya qalib gəliblər - 2:0 (21-18, 21-12). 

“Azerbaijan International 2019”a kişilərin qoşa yarışı ilə yekun vurulub. Bu kateqoriya üzrə həlledici görüşdə İngiltərə badmintonçuları Markus Ellis - Kris Lanqric cütü almaniyalı Mark Lamsfuss - Marvin Seidel cütünə 0:2 (17-21, 21-23) hesabı ilə uduzub.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Türkiyə Badminton Federasiyasının prezidenti Murad Özmekik, Azərbaycan Badminton Federasiyasının vitse-prezidentləri Balaş Qasımov, Mirzə Orucov və Emin Zeynalov, Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev qalib və müfakatçılara medallar, müvafiq pul mükafatları təqdim ediblər.

Qeyd edək ki, ümumi mükafat fondu 25 min ABŞ dollar olan “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 idmançı yarışın medalları uğrunda mübarizə aparıb. Bu, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran “International Challenge” kateqoriyalı yarışlar üçün rekord göstəricidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi