Yuxarı

Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin ofisinin açılışında iştirak edib

O gün olsun ki, hamınız işsiz qalasınız
© Report.az

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib. 

“Report”un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və  digər rəsmilər iştirak ediblər.

A.Rəhimov AMADA əməkdaşları ilə tanışlıqdan sonra onları təbrik edib və çox məsuliyyətli işdə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycanın gələcəyi dopinqlə bağlı ola bilməz: “Gün o gün olsun ki, hamınız işsiz qalasınız. Yəni, üzərinizə iş düşməsin. Amma dopinqlə mübarizə zamanı bəzən haqsızlıqlar da müşahidə edirik. Buna qarşı da mübarizə aparmalıyıq. İlk işiniz federasiyalarla birgə olmalıdır”.

O, qısa müddətdə Milli Məclisdə müvafiq qanunun qəbul olunduğunu və qurumun fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını dilə gətirib. Nazir AMADA əməkdaşlarına uğurlar arzulayıb.

Ç.Hüseynzadə isə bildirib ki, AMADA bir qədər gec yaradılsa da, uğurlu fəaliyyət göstərəcəyinə inam böyükdür: "Gec olsun, güc olsun deyiblər. İnanmıram ki, AMADA-nın əməkdaşları işsiz qalsınlar. Çünki bütün dünyada dopinqə qarşı mübarizə aparılır". 

Qeyd edək ki, AMADA 2016-cı il dekabrın 23-də təsis edilib. Bu il fevralın 17-də qurum tam fəaliyyətə başlayıb. Agentliyin ştatında 13 əməkdaş, 21 dopinq nəzarəti inspektoru çalışır.  

Foto-Elşən Baba

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi