Yuxarı

Azad Rəhimov: "Azərbaycan idmançılarından yeni növlərdə medal gözləyirik"

Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir

Bakı. 23 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın 60-dan çox idmançısının iştirakı gözlənilir. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

O bildirib ki, "Rio-2016"ya 2012-ci il London olimpiadası ilə müqayisədə daha çox idmançı yollanacaq: "Ən əsası, hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd edərdim. Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir".

Nazir yeni medal ümidi kimi kayakçı və kanoeçilərə, eləcə də triatlonçu Rostislav Pevtsova yanaşdıqlarını deyib: "Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, bəxt amili də rol oynayır. Ola bilsin, medal qazandıq. Triatlonçu Pevtsov isə çox maraqlı idmançıdır. Ondan "Bakı 2015" I Avropa Oyunlarında yüksək nailiyyət gözləmirdik. Özü hazırlıq mərhələsində olsa da, bürünc medal qazandı. Olimpiada elə bir yarışdır ki, orada sürprizlər çox olur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi