Yuxarı

Ayaz Əhmədov: “Bakı Marafonu - 2018”də yeniliklər olacaq” - MÜSAHİBƏ

Bakı. 12 may. REPORT.AZ/ “Bakı Marafonu - 2018” layihəsinin icraçısı “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədovun “Report”a müsahibəsi

- Mayın 12-də qeydiyyat prosesi başa çatdı. İştirakçı aktivliyi gözlənilən səviyyədə oldumu?

- 2016-cı ildə Bakıda təşkil olunan marafona 7 min, ötən il isə 13 mindən çox şəxs qatılıb. 2017-ci ildə Gəncədə keçirilən marafonda isə 11 min nəfər iştirak edib. Bu il rekord müəyyənləşəcək. Hazırda hesablama prosesi yekunlaşmasa da, 17 mindən çox şəxsin qeydiyyatdan keçdiyini söyləyə bilərəm. Həmçinin marafona 30-dan çox şirkət qatılacaq.

- Marafona xarici ölkələrdən gələnlər olacaq?

- İtaliya, İspaniya, Fransa, Rusiya, İran, Türkiyə, İngiltərə, ABŞ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan, Yaponiya və s. ölkələrin vətəndaşları Bakıda qaçacaqlar. Onlar arasında Azərbaycanda yaşayanlar da var, marafon üçün gələnlər də.

- “Bakı Marafonu - 2018”də hansı yeniliklər olacaq?

- Bildiyiniz kimi, marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Marşrut boyu 5 yerdə musiqi stendləri quraşdırılacaq. Üstəlik, “Boulevard Hotel”ə istiqamətindəki dairədə musiqi stendi ilə yanaşı, marafon iştirakçılarına dəstək üçün ruhlandırma qrupları olacaq. Finiş xəttində də yeniliklər görəcəksiniz. Bu dəfə “Atletlər zonası” təşkil edəcəyik. Finiş xəttini keçən şəxs rahat istirahət edə biləcək. Bu il ilk dəfə olaraq, foto-finiş də tətbiq edəcəyik. Bunun üçün xüsusi avadanlıq qurulacaq.

- Marşrut boyu iştirakçılara necə nəzarət edəcəksiniz?

- Bunun üçün 50 nəfər hakim dəvət etmişik. Onlar marafonçuların qaydalara riayyət etmələrinə baxacaqlar. Həmçinin iştirakçılara suların paylanması və digər məsələlər üçün 400-dən çox könüllü heyəti xidmət göstərəcək. Üstəlik, marşrut boyu həm iştirakçılar, həm də azarkeşlər üçün avtobuslar fəaliyyət göstərəcəklər.

- Marafonda tanınmış şəxslərin iştirakı gözlənilirmi?

- Əlbəttə, hər il olduğu kimi, rəsmi şəxslər, incəsənət xadimləri, titullu idmançılar və digər tanınmış simalar olacaq.

- Mükafatların məbləği dəyişməz qalır?

- Bəli. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yer 3 min, 2-ci yer 2 min, 3-cü yeri tutanlar isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4 -10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi