Yuxarı

Avropa Çempionlar Kubokundan medallarla qayıdan Azərbaycan klubunun şahmatçıları ilə görüş keçirilib

Mahir Məmmədov: Odlar Yurdu reytinqindən yüksək nəticə əldə etdi

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, "Odlar Yurdu" şahmat klubunun rəhbəri Mahir Məmmədov Türkiyənin Antalya şəhərindəki Avropa Çempionlar Kubokundan medallarla qayıdan şahmatçılarla görüşüb.

AŞF-dən “Report”a verilən məlumata görə, M.Məmmədov görüş zamanı son illər ərzində "SOCAR Azerbaijan" klubunun bu turnirdə uğurla çıxış etdiyini, iki dəfə Avropa Kubokunu qazandığını xatırladıb. Bu il "Odlar Yurdu" klubunun yüksək nəticə göstərdiyini deyən federasiyanın vitse-prezidenti şahmatçıların onlara göstərilən etimadı doğrultduğunu söyləyib: "Azərbaycanın hər iki klubu mötəbər yarışda yüksək nəticə ilə yadda qaldı. Kişi və qadın şahmatçılarımız son tura qədər liderlər qrupunda qərarlaşmaqla yanaşı, favoritlərə layiqli müqavimət göstərdi. "Odlar Yurdu" reytinqindən yüksək nəticə əldə etdi və bütün şahmat həvəskarlarını sevindirdi. Hər iki komandamız turnirdə çempion olmağa çox yaxın oldu. Xüsusi qeyd etmək istərdim ki, şahmatçılarımız Avropa Kubokunda əsl komanda mübarizəsi nümayiş etdirdi. Hər iki komandamızın çıxışından razıyam. Avropa Kubokunda gümüş və bürünc medal qazanan "Odlar Yurdu" klubunun şahmatçılarını və kapitanları təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayıram".

Tədbirdə Türkiyədə qazanılan nəticənin oktyabrın 28-də Yunanıstanda start götürəcək milli komandalar arasında Avropa çempionatında Azərbaycan şahmatçılarına stimul olacağı vurğulanıb.

Sonda kişi və qadın şahmatçılardan ibarət "Odlar Yurdu" klubunun üzvləri yarışla bağlı təəssüratlarını bölüşüb və onlara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Avropa Çempionlar Kubokunda “Odlar Yurdu”nun kişilərdən ibarət komandası 3-cü, qadınlardan ibarət kollektiv isə 2-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi