Yuxarı

Anar Bağırov: "II Avropa Oyunlarının hazırlıq planına çox dəqiq əməl olunur"

Artıq “Dinamo” stadionunda tikinti prosesi başa çatdırılıb

Bakı. 29 mart. REPORT.AZ/ Avropa Olimpiya Komitələrinin (EOC) və Milli Olimpiya komitələrinin nümayəndələri “Minsk 2019” II Avropa Oyunlarına hazırlıq prosesinin gedişindən razıdırlar.

“Report” “Belta”ya istinadən xəbər verir ki, bu barədə EOC-un baş məsləhətçisi Pirs Okallaqan jurnalistlərə açıqlamasında bildirib. O, “Dinamo” stadionuna baxış zamanı təəssüratlarını bölüşüb: “Nümayəndələr arenada görülən işlərin gedişindən razı qaldılar. Stadionun tarixi hissəsi ilə müasir texnologiyaların uzlaşdığı yenidənqurmanı müşahidə etmək maraqlıdır. “Dinamo”nun son bir il ərzində xeyli dəyişdiyini qeyd etməliyəm. Əminəm ki, idman həvəskarları burada keçiriləcək II Avropa Oyunlarının Açılış və Bağlanış mərasimlərinə bilet əldə etməyi səbirsizliklə gözləyirlər”.

Artıq “Dinamo” stadionunda tikinti prosesi başa çatdırılıb. Hazırda arenanın dam örtüyünün quraşdırılması və daxili otaqların bölüşdürlüməsi işləri aparılır. Mayın 31-dək əsas işlərin tamamlanması planlaşdırılır.

Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Anar Bağırov stadionla tanışlıq zamanı bildirib ki, Minskdəki bir çox idman qurğuları yaxın vaxtlarda beynəlxalq yarışları qəbul etməyə hazır olacaqlar: “Belarus paytaxtının Avropa Oyunlarına hazırlığı bura səfər edən qrupu yaxşı mənada təəccübləndirdi. Hazırlıq planına çox dəqiq əməl olunur. Bunu hər bir idman qurğusunda hiss etmək mümkündür”.

Nümayəndələr, həmçinin stend atıcılığı üzrə yarışların keçiriləcəyi “Sporting Сlub” kompleksinin də vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 – 30 iyunda keçiriləcək. Oyunlarda 50 ölkənin 4 mindən çox idmançısı 15 idman növündə 200 dəst medal uğurunda mübarizə aparacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi