Yuxarı

Almaniyada Heydər Əliyevin yubileyinə həsr olunmuş peşəkar boks turniri keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Almaniyanın Vaysvasser şəhərində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçirilib. 

"Report"un məlumatına görə, turnir Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 

Çempionata Almaniya və Azərbaycan himnlərinin səsləndirilməsi ilə start verilib. Turniri 2000-dək tamaşaçı canlı izləyib.

2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində əslən azərbaycanlı Yaşar Niftəliyev Millinits Heydər Əliyev adına Dünya Boks Komitəsini yaradıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır. 

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayacaq. Ukraynalı boksçu Aleksandr Qaraşenko, Almaniya boksçuları Tino Fröhlix və Dominik Kosel, Polşa boksçusu Tomas Andreyevski və digər ölkələrdən olan peşəkar boksçular Heydər Əliyevin adını daşıyan dünya və beynəlxalq kəmərlər uğrunda mübarizə aparıblar. Turnirin qalibi ağır çəkidə Almaniya boksçusu Tino Fröhlix olub. O, ukraynalı Aleksandır Qaraşenkonu üstələyib. Orta ağır çəkidə isə almaniyalı boksçu Dominik Kosel Azərbaycan təmsilçisi Fərşid Rostamini məğlub edib. 

Qeyd edək ki, Almaniyada ümummilli lider Heydər Əliyevin adına boks turniri 11 ildir keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi