Yuxarı

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində qızıl medal qazanmaqla tarixə düşüb

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyi başa çatıb.

"Report" xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı mundialda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər. 

Yarışın son günündə körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov (102 + kq) çıxıb. 

Atlet təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib. Yekunda o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Birdən qaldırma hərəkətində 131 kq nəticə göstərən idmançı toplam 305 kq-la 4-cü olub. 

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlarından bu vaxta qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan Kazımovun medalı tarixə düşüb. 

Qeyd edək ki, yarışda Azərbaycan millisinin 5 üzvü mübarizə aparıb. 55 kq-da Ömər Cavadov, 67 kq-da Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medala sahib olub. Yığma oğlanlar arasında komanda hesabında 5-ci yeri tutub. İndiyə qədər bu nəticəyə heç bir Azərbaycan komandası nail ola bilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi