AGF-nin baş katibi: "İslam Həmrəyliyi Oyunlarında gimnastlarımız qızıl medallar uğrunda mübarizə aparacaq" - MÜSAHİBƏ

AGF-nin baş katibi: "İslam Həmrəyliyi Oyunlarında gimnastlarımız qızıl medallar uğrunda mübarizə aparacaq" - MÜSAHİBƏ "Tokio olimpiadasına lisenziyalar Bakıda qazanılacaq"
Fərdi
17 Fevral , 2017 16:44
AGF-nin baş katibi: İslam Həmrəyliyi Oyunlarında gimnastlarımız qızıl medallar uğrunda mübarizə aparacaq - MÜSAHİBƏ

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun "Report"a müsahibəsi

- Bir müddət əvvəl Bakıda hakimlərin seminarı baş tutdu. Bu mövzuda ətraflı məlumat verərdiniz...

- Hər Olimpiya dövründən sonra Beynəlxalq Gimnastika Federasiyası (FIG - R.Ə.) tərəfindən hakimlik kursları keçirilir. Növbəti tsikl üçün yeni qaydalar tətbiq olunur və kurslar da bunun əsasında baş tutur. Ümumilikdə gimnastikanın 6 növü var. Hər növ üzrə qitələrarası və beynəlxaq kurslar təşkil olunur. Qitələrarası kurslar ən yüksək kateqoriya almağa imkan verir və 4 illik Olimpiya dövrü ərzində yalnız 1 dəfə keçirilir. Hakimlik dərəcəsi 4 kateqoriyadan ibarətdir. Beynəlxalq hakimlik kursları isə il ərzində bir neçə dəfə müxtəlif dillərdə - rusca, ingiliscə, ispanca, fransızca təşkil olunur . Bu kurslardan uğurla keçən hakimlər FIG-in tanıdığı yarışlarda hakimlik edə bilərlər. Azərbaycanda ilk dəfə idi ki, bədii gimnastika üzrə qitələrarası kurs baş tutdu. Bir dəfə kişi idman gimnastikası üzrə beynəlxalq kurslar təşkil olunmuşdu. Bizim üçün sevindirici haldır ki, FIG bu kursları bizə həvalə etdi. Bakıya ali gimnastika qurumunun vitse-prezidenti, texniki komitələrin üzvləri gəlmişdi. Onlar bizim yerli Təşkilat Komitəsi ilə bərabər kursları idarə edirdilər.

- Qonaqlar təşkilatçılıqdan razı qaldılar?

- 48 ölkədən 101 hakimin iştirak etdiyi kursdan həm hakimlər, həm qonaqlar razı qaldılar. Hazırda isə bədii gimnastika üzrə məhz ingilis dilli beynəlxalq hakimlik kurslarına start vermişik. Bu kursun da təşkili bizə həvalə olunub. Burada 20-si azərbaycanlı hakim olmaqla, 58 iştirakçı var. Beynəlxalq kurslarda təşkilatçı ölkəyə 20 yer verilir və biz də burada maksimum göstərici ilə təmsil olunuruq. Məqsədimiz odur ki, beynəlxalq dərəcəli hakimlərimizin sayı çox olsun. Qeyd edim ki, fevralın 6 - 9-da kişi idman gimnastikası üzrə yenə də məhz ingilis dilli beynəlxalq hakimlik kurslarını təşkil edəcəyik.

- Bakıda Dünya Kuboku da keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?

- 18-19 fevralda batut gimnastikası, 16 - 19 martda kişi və qadınlar arasında idman gimnastikası, 28 - 30 apreldə isə bədii gimnastika üzrə Dünya Kuboku təşkil edəcəyik. FIG Dünya kuboklarını yeni qaydada keçirir. Əvvəllər Dünya Kubokunu keçirtmək üçün bir illik razılıq almaq mümkün idi. Lakin yeni qaydalara əsasən, artıq ardıcıl 4 illik verilir. Belə ki, turnir təşkilatçı ölkələrə 4 illik həvalə olunur. Biz də bu Dünya Kuboklarını 4 il olmaqla hər il təşkil edəcəyik. Təqvimə uyğun olaraq hamısı demək olar ki, hər il eyni ərəfədə keçiriləcək. Bu Dünya kuboklarının bir çox müsbət cəhəti var. Bunlardan biri gimnastikanı təbliğ, inkişaf etdirməkdir. Hər dəfə bu yarışları keçirtdikdən sonra gimnastika bölmələrinə axın müşahidə olunur. Batut gimnastikası bizim ölkə üçün yenidir və son 3 ildə bu idman növünü inkişaf etdiririk. Üstəlik, Olimpiya növüdür. Belarusdan məşqçi dəvət etmişik. Baş məşqçimizin sözlərinə görə, azərbaycanlı uşaqlar daha qorxmaz və cəlddirlər. Kişi və qadın idman gimanstikası da inkişaf mərhələsindədir. Hər dəfə yaxşı mütəxəssis tapmaq olmur. Çalışırıq ki, daha yaxşısını tapaq. Amma inkişaf dövründə müəyyən bir mərhələ var ki, bunları keçməliyik. Əsas odur ki, bu gün çəkilən əziyyətlər sabah öz bəhrəsini verəcək.

- Bir sözlə, davamlı prosesdir. Daim işləmək lazımdır...

- Bəli. Bədii gimnastika artıq bizdə inkişaf edib və nəticələrimiz də var. Kifayət qədər də populyar idman növüdür. Batut və idman gimnastikası üzrə ötən il ilk dəfə Dünya Kuboku keçirdik. Amma bədii gimnastika üzrə bu, artıq dördüncüsüdür. Bu idman növünü izləyən tamaşaçıların da sayı çoxdur. İnanıram ki, daha da artıq olacaq. Üstəlik, 2018-ci ildə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. 2019-cu ildə bədii gimnastika üzrə Dünya Kuboku da Azərbaycanda təşkil olunacaq ki, bu da Tokio olimpiadasına lisenziya xarakteri daşıyacaq. 2019-2020-ci illərdə keçirilən Dünya kubokları olimpiadaya lisenziya xalları verəcək. Təxminən 2 dövr əvvəl Olimpiya lisenziyasını yalnız dünya çempionatında qazanmaq mümkün idi. Sonra isə test turnirləri də keçirilməyə başlandı. Həm "London-2012", həm də "Rio-2016"da hər iki turnirdən lisenziya qazanmaq olardı. "Tokio 2020" üçün isə qitə yarışlarında, Dünya Kuboku və dünya çempionatlarında lisenziya qazanmaq mümkün olacaq. Bu da idmançının olimpiadada iştirak şanslarını artırır.

- Sadaladığınız hər turnirdə verilən lisenziya xalları ayrılıqda hesablanacaq, yoxsa yekun nəticəyə əsasən veriləcək?

- Avropa çempionatında müəyyən yeri tutan idmançı olimpiadaya birbaşa gedəcək. "Tokio 2020" üçün Bakıda idman gimnastikası, bədii gimnastika və batut gimnastikası üzrə lisenziya xarakterli yarışlar keçiriləcək.

- Təbii ki, bu cür əhəmiyyətli turnirlərin Bakıda keçirilməsi həm Azərbaycanın imicinin hərtərəfli artmasına səbəb olur, həm də yerli əhalinin gimnastikaya marağını artırır. Ancaq maraqlı məqam ondan ibarətdir ki, bu qədər yarışların xərcləri necə olacaq? Bunlar təşkilatçı ölkə tərəfindən ödənilir?

- Dünya Kubokunun qaydalarına əsasən, gələn ölkələr bütün xərclərini özləri ödəyir. Buraya təyyarə bileti, mehmanxanada qalmaq və yemək xərcləri daxildir. Biz isə daxili nəqliyyatı təşkil edirik. Məsələn, hava limanında qarşılama, mehmanxanadan məşq zalına gətirilmə və s. Artıq 14 ildir ki, beynəlxalq yarışlar keçiririk və bizim Təşkilat Komitəsi öz işinin öhdəsindən yaxşı gəlir. Milli Gimnastika Arenamız var. Demək olar ki, belə zal, şərait dünyanın heç bir yerində yoxdur. Burada təlim-məşq toplanışı keçirmək üçün yalnız qonşu ölkələrdən deyil, Avropadan, Kanadadan, Meksikadan, Avstraliyadan, Misirdən, Braziliyadan və digərlərindən yığma komandalar gəlir. 

- Mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq necə gedir: Azərbaycan Oyunlarda neçə gimnastla təmsil olunacaq?

- İslamiada çərçivəsində kişi və qadın idman gimnastikası, o cümlədən, bədii gimnastika üzrə yarışlar olacaq. Komanda yarışları da keçirtmək istəyirik. Burada 3 kişi və 3 qadın iştirak edir. Bədii gimnastikada fərdi və qrup hərəkətləri komandasının iştirakı gözlənilir, bunun üzərində çalışırıq. Oyunların Təşkilat Komitəsi ilə birgə işlər gedir. Digər tərəfdən, bir problem ortaya çıxa bilər. İslamiadada xeyli sayda Afrika ölkəsi iştirak edir. Məsələ orasındadır ki, bu ölkələrdə gimnastika o qədər də inkişaf etməyib. Türkiyə, Qazaxıstan və bu kimi ölkələrdə isə gimnastika yaxşı səviyyədədir. Bu səbəbdən, biz sifarişləri gözləməliyik. Sifarişlərə əsasən idmançıların sayını nəzərə alaraq, bu dəyişə bilər.

- Sadaladığınız növlər keçirilsə, Oyunlarda nəticələrinizin necə olacağına ümid edirsiniz?

- Yuxarıda qeyd etdiyim yarışlar olsa, bizim idmançılar qızıl medallar üçün mübarizə aparmalıdır. Çünki gimnastlarımız buna qadirdir. İnanıram ki, bütün idman növlərində uğurlarımız çox olacaq. Bir məqamı qeyd edim: Kişi idman gimnastikasında olimpiadada 8 dəst medal var. Siyahıya baxsanız, bir idmançı bütün dəst uğrunda mübarizə apara bilmir. Bu, olduqca çətindir. Ancaq bizdə kişi idman gimnastikasında Oleq Stepko var. O, güclü idmançıdır. İnanıram ki, Oleq də, digər idmançılar da ümidlərimizi doğruldacaqlar. Bədii gimnastikada Marina Durundaya da ümidimiz böyükdür. Qadın idman gimnastikasında da yaxşı idmançılarımız var. Çalışacağıq ki, qızıl medalların sayı çox olsun. Asan olmayacaq, amma buna çalışacağıq. Dövlət himnimizi daha çox səsləndirməyə çalışacağıq.

- Gimnastların Oyunlara hazırlığı necə gedir?

- Bizim idmançılar burada gündəlik məşq edirlər. Onlar arenada yaşayır, qidalanır və hazırlıq keçirlər. Burada tibb məntəqəsi, kitabxana və hətta Təhsil Nazirliyi ilə birgə layihəmiz əsasında məktəb də fəaliyyət göstərir. Ona görə də gimnastika növləri üzrə yığma komandaların üzvləri günün çox hissəsini məhz arenada olaraq, rahatlıqla məşqlərə qatıla bilirlər.

Son xəbərlər

Orphus sistemi