​ACF rəsmisi: "Cüdoçularımızın qazandığı medallar Azərbaycanın uğurudur"

​ACF rəsmisi: "Cüdoçularımızın qazandığı medallar Azərbaycanın uğurudur" "Gümüş medallar federasiyanın işinin səmərəli olduğunu göstərir"
Fərdi
15 Avqust , 2016 20:14
​ACF rəsmisi: Cüdoçularımızın qazandığı medallar Azərbaycanın uğurudur

Bakı. 15 avqust. REPORT.AZ/ "Qazanılan nəticələr göz qabağındadır. Ümumiyyətlə, cüdo idman növü çox çətindir. Burada hər hansı uğur qazanmaq doğurdan da asan deyil. Hər bir idman növünün öz çətinliyi var. Lakin cüdoda tam fərqlidir. Olimpiya oyunları elə yarışdır ki, burada tam favorit bilinmir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib. Azərbaycan cüdoçularının Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından danışan E.Əşrəfoğlu reytinqin bu idman növündə nəticəni həll etmədiyini bildirib.

Federasiya rəsmisi ACF-nin "Rio-2016"dakı hədəflərindən söz açıb: "Təqribən 11 ay əvvəl federasiyada rəhbərlik dəyişikliyi baş verdi. Bundan sonra bizim əsas, priotitet məsələmiz olimpiadaya lisenziyaların sayını artırmaq oldu. Yeddi çəki dərəcəsində 6 idmançımız "Rio-2016"ya vəsiqə qazandı. Yalnız 81 kq çəkidə təmsil olunmadıq. Bu yarışa qatılmaqda məqsəd ən azı bir medal qazanmaq idi. Bu gün gördük ki, ACF bu nəticəni tam yerinə yetirib. Bir yox, iki medal qazandıq".

E.Əşrəfoğlu azərbaycanlı idmançıların Rio-de-Janeyroda hakim haqsızlığı ilə üzləşdiklərini də deyib: "Azərbaycanı təmsil edən digər cüdoçulara nəzər salsaq, onların medal qazanmadıqlarını görərik. Baxmaq lazımdır ki, kimlər medal qazanmadı? 60 kq-da Orxan Səfərov olimpiadada 5-ci yer tutdu. O, dünya çempionuna məğlub oldu. Hətta deyərdim ki, yarımfinalda hakimlərin haqsızlığı ilə üzləşdi. Orxan fənddən əvvəl dizləri üstündə tatamidə idi. Belə halda görüş davam etdirilmir. Mübarizə yenidən başlamalıdır. Nəticədə Orxan üçüncülük uğrunda güləşə qatıldı. Nicat Şıxəlizadə italyalı idmançıya məğlub oldu. Həmin Fabio Basile sonda qızıl medal qazandı. Məmmədəli Mehdiyevin də nəticəsini uğurlu saymaq olar. Sonda 7-ci yer tutdu, amma özündən qat-qat güclü idmançılara qalib gəldi. Uşanqi Kokauri yaponiyalı Hisayoşi Haraşavaya məğlub oldu. Həmin idmançı gümüş medal əldə etdi. Rüstəm Orucov və Elmar Qasımov da finala qədər irəliləməyi bacardı. Bu cür uğur federasiyanın gördüyü səmərələi işin nəticəsidir".

Qurum rəsmisi federasiya prezidenti Rövnəq Abdullayevin də idmançılara dəstək olması üçün Rio-de-Janeyroya səfərindən danışıb: "Federasiya prezidentinin orada olması, cüdoçularla görüşməsi, söhbət etməsi idmançılarımızı qələbələrə ruhlandırır. Bu amili də qeyd etmək lazımdır. Ötən aylar ərzində federasiya rəhbərliyinin idmançılarımıza olan diqqət və qayğısını qeyd etmək lazımdır. Hər kəs onların medal və lisenziya qazanmasına çalışır. İdmançılarımızın yaxşı hazırlaşması üçün rəhbərlik tərəfindən toplanışlar təşkil olundu. İdmançılarımız da həmin əziyyəti boşa vermədi və medal qazandıq. Vitse-prezident Sadıq Sadıqovun yaxşı bir sözü var. "Deyirlər ki, cüdoçular qısa müddət ərzində bu uğura imza atdılar. Amma olimpiadaya hazırlıq dövrü elə on ay, bir ildən ibarət olur. Təbii ki, üç il əvvəlcədən hazırlaşmaq olmaz. Cüdoçularımız da ən yüksək səviyyədə hazırlaşdılar. Cüdo üzrə milli komandamız 136 ölkə arasında 12-ci yeri tutduq. Bu da çox yaxşı göstəricidir və rəhbərliyin diqqətinin nəticəsidir. Təbii ki, istərdik qızıl medal olsun. Amma finaldakı rəqiblər də çox güclü idi. Bəlkə Elmar bir az tələsməsə qalib gələ bilərdi. Ancaq bu gümüş medallar federasiyanın işinin səmərəli olduğunu göstərir".

Departament rəhbəri gümüş medal qazanıldıqdan sonra yığmanın baş məşqçisi Peter Zayzenbaherin həbs olunması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Guya Zayzenbaher polisə aparılıb. Bu da bizim uğurları gözləri götürməyənlərin işləridir. Bir daha qeyd edirəm ki, olimpiadada cüdoçularımızın çıxışlarını yüksək qiymətləndirmək lazımdır. Bir amili qeyd etmək lazımdır ki, qazanılan medallar tək Elmar və Rüstəmin deyil, məşqçilərin, federasiya rəhbərliyinin, əməkdaşlarının, ümumilikdə bütün Azərbaycanın uğurudur".

Xatırladaq ki, Azərbaycan cüdoçuları Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 2 gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi