2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclas keçirilib

2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclas keçirilib Milli komandaların üzvləri iştirak etdikləri 37 beynəlxalq səviyyəli yarışda 189 medal qazanıblar
Fərdi
3 Noyabr , 2017 17:41
2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclas keçirilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) 2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclası keçirilib.

"Report"un məlumatına görə, tədbirdə ACF-nin prezidenti Rövnəq Abdullayev son 2 ildə əldə olunan uğurlardan bəhs edib. 

O, növbəti ilin mayında “Böyük Dəbilqə” turnirinin, eləcə də sentyabrda dünya çempionatının Bakıda keçiriləcəyini diqqətə çatdıraraq 2018-ci ilin daha ağır və məsuliyyətli olacağını vurğulayıb.

Sonra cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçiləri təqdim olunub. Kişilərdən ibarət əsas milli komandaya Olimpiya Oyunlarının mükafatçısı, əməkdar idman xadimi, ukraynalı mütəxəssis Ruslan Maşurenko, qadınlardan ibarət milli komdaya isə dünya və Avropa çempionu, Belarusun əməkdar idman ustası adına layiq görülmüş “Şöhrət” ordenli Natiq Bağırov başçılıq edəcək.

Tədbirdə ACF-nin baş katibi Elmar Babanlı çıxış edərək 2017-ci ildə Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə hesabatı diqqətə çatdırıb.

Cari ildə rəsmi beynəlxalq yarışlarda rekord sayda medalın və tarixi nailiyyətlərin qazanıldığı bildirilib. Bu müddət ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandaların üzvləri iştirak etdikləri 37 beynəlxalq səviyyəli yarışda 189 medal qazanıblar. Bunlardan 68-i qızıl, 57-si gümüş və 64-ü bürünc medaldır.

Qeyd olunub ki, ACF mütəmadi olaraq cüdo üzrə bütün milli komandaların yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçuların hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını nizamlayır, onlardan öz diqqət və qayğısını əsirgəmir.

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub, Federasiya tərəfindən cüdo tatamiləri və kimano geyim dəstləri bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə əvəzsiz olaraq verilib. Bu iş qarşıdan gələn illərdə də müntəzəm olaraq davam etdiriləcək. Həmçinin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikanın 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaradıb. Təyin olunmuş şəhərlərin, əsasən, Olimpiya komplekslərində təşkil olunmuş bu yarışlarda respublikanın 47 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edib, qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar.

Yığıncaqda həmçinin əməkdar məşqçi Ağayar Axundzadə çıxış edərək idmançılar və məşqçilərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra ACF prezidenti 2017-ci ilin son aylarında yüksək nəticələrə imza atmış məşqçilərə, idmançılara hədiyyə və mükafatlar təqdim edib.

Azərbaycan milli komandasının üzvü Elxan Məmmədov isə bütün idmançılar adından R.Abdullayevə xatirə hədiyyəsi verib. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi