Yuxarı

​Azərbaycan xəz idxalını 10 dəfə artırıb

Dövlət Gömrük Komitəsi: Bu il Azərbaycana 94 min dollarlıq təbii və süni xəz gətirilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 94,02 min ABŞ dolları dəyərində təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxal olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur.

Komitənin hesabatına əsasən, Azərbaycandan bu məhsulların ixracı həyata keçirilmir. Buna baxmayaraq, Azərbaycan emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri ixracını gerçəkləşdirir. Bu məhsulların ixracı illik müqayisədə 35,3% artaraq cari ilin ilk 11 ayı ərzində 21,5 mln. dollara çatıb. İdxal isə əksinə, 9,5% azalaraq 175,2 min dollar təşkil edib.

Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ticarət tərəfdaşı olan 147 ölkə ilə ümumilikdə 28,825 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət əməliyyatlarının 8,112 mlrd. dolları idxal, 20,713 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Nəticədə, ticarət əməliyyatlarında 12,601 mlrd. dollarlıq müsbət saldo müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 16,6%, ixrac 5,8% azalıb, müsbət saldo isə 2,7% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi