Yuxarı

​Rusiyanın qızıl-valyuta ehtiyatları azalır

ARDNF-nin də aktivlərinin azalması ehtimal edilir

Bakı. 27 may. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları may ayının 13-20-də 2,6 mlrd. dollar və ya 0,7% azalaraq 388,3 mlrd. dollara enib. "Report"un Rusiya Bankına (Mərkəzi Bank) istinadən verdiyi xəbərə görə, mayın 1-dən ehtiyatlar 3,2 mlrd. dollar azalab.

Rusiyanın qızıl-valyuta ehtiyatları 2014-cü ilin əvvəlində azalmağa başlayıb. Belə ki, həmin tarixə ehtiyatların həcmi 510,4 mlrd. dollar təşkil edib. Buna səbəb neft qiymətlərinin azalması nəticəsində valyuta gəlirlərinin ölkəyə axınının yavaşlaması fonunda Rusiya Bankının valyuta bazarına dollar intervensiyası məcburiyyəti olub. Ehtiyatlar rublun məzənnəsinin sabit saxlanılması üçün istifadə edilsə də 2014-cü ilin noyabr ayında rublun devalvasiyasının qarşısını almaq mümkün olmayıb və Rusiya Bankı "üzən məzənnə" rejiminə keçib. Nəticədə, ölkənin qızıl-valyuta ehtiyatları 2015-ci il aprelin 30-da 350,5 mlrd. dollarla son 9 ilin minimal həddinə enib. Qeyd edək ki, Rusiya Bankı sədrinin birinci müavini Dmitriy Tulin keçən ilin ortalarında qızıl-valyuta ehtiyatlarının 3-5 il ərzində 500 mlrd. dollara qədər artırmaq istədiklərini bildirib.

"Report"un analitik qrupu hesab edir ki, may ayı ərzində Rusiyanın qızıl-valyuta ehtiyatlarının azalmasına dolların dünya valyuta bazarında möhkəmlənməsi və qızılın ucuzlaşması amilləri səbəb olub. Ehtiyatlarda mövcud olan digər valyutaların dollarla müqayisədə zəifləməsi ehtiyatların qiymətləndirilməsi zamanı azalmaya gətirib çıxarıb. Eyni vəziyyət hazırda Azərbaycan Dövlət Neft Fondunun aktivlərində də yaranıb. Bu ilin ilk rübündə dolların zəifləməsi və qızılın qiymətinin artması nəticəsində ARDNF-nin aktivləri 2% artıb. Dolların yenidən möhkəmlənməsi və qızılın ucuzlaşmasının isə ARDNF-nin aktivlərinə mənfi təsir edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi