Yuxarı

Azərbaycan qızıl hasilatını artırıb

Ötən ay Azərbaycanda 172 kq qızıl, 6,5 kq gümüş hasil olunub

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı illik müqayisədə 70,8% artaraq cari ilin yanvar ayı ərzində 171,7 kq təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ilində ölkədə gümüş hasilatında isə əksinə, azalma müşahidə olunub. Hasilat 75% azalaraq 6,5 kq olub.

Statistikaya əsasən ümumilikdə qiymətli metal filizləri və konsentratları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 40,9% artaraq 178,2 kq təşkil edib.

Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 2014-cü ildə 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə başlanılıb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi