Yuxarı
    Bağlamaq

    Prezident: Azərbaycan strateji nəqliyyat dəhlizinə çevrilir

    Ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan çətin vəziyyətdən şərəflə çıxa bilib

    Bakı. 1 yanvar. REPORT.AZ/ Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan prezindeti İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətdə deyib.

    “Bu il digər tarixi layihə öz həllini tapmışdır, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir.”

    Dövlət başçısı “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsinin həll olunmasını bu il neft-qaz sektorunda tarixi hadisə adlandırıb.

    “Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. Cənub Qaz Dəhlizinin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir.”

    2017-ci ildə 30-dan çox regiona səfər etdiyini deyən İ.Əliyevin sözlərinə görə, Azərbaycanın regionları bu il sürətlə inkişaf edir, hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır.

    “Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir.”

    2017-ci ilin tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacağını deyən ölkə başçısının sözlərinə görə, neftin qiymətinin hələ də aşağı səviyyədə olduğu, Azərbaycanda neftin hasilatının düşdüyünə baxmayaraq, ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan çətin vəziyyətdən şərəflə çıxa bilib.

    “Bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir.”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi