Yuxarı

Pakistan Azərbaycana yeni ixrac marşrutları təklif edir

Azərbaycan məhsullarının Pakistan limanları vasitəsilə ixracı təklif edilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Pakistanın Ticarət  və Sənaye Palatası Federasiyası (FPCCI) tərkibindəki Bağbanlıq Daimi Komitəsi Azərbaycanla ticarət və investisiyanın artırılması üçün birgə Ticarət Palatası və sənayenin yaradılmasını təklif edir.

“Report” Pakistanın “The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, bu barədə bəyanatı Komitə yayıb.

Komitənin sədri Əhməd Cavad bildirib ki, Mərkəzi Asiya ölkələrini birləşdirən "İpək yolu" əsas marşrutdur. O qeyd edib ki, Pakistanın geostrateji mövqeyi nəzərə alınaraq Azərbaycan öz məhsullarını Qvadar və Kəraçi limanları vasitəsilə Regional Əməkdaşlıq üzrə Cənubi Asiya Assosiasiyası (SAARC), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrə ixrac edə bilər.

Digər tərəfdən isə o vurğulayıb ki, Pakistan manqo, xurma, meyvə kimi kənd təsərrüfatı məhsullarını və idman avadanlıqlarını Azərbaycana ixrac edə bilər.

Ə.Cavad bildirib ki, Pakistanın basmati düyüsünə Azərbaycanda böyük tələbat var, eyni zamanda iki ölkənin əczaçılıq və cərrahi avadanlıqların istehsalı üçün birgə müəssisə yaratmaq potensialı var.

Onun sözlərinə görə, iki ölkə arasındakı illik ticarətin həcmi son beş ildə 17-25 mln.dollar arasında olub: “Pakistan-Azərbaycan arasında birgə Nazirlər Komissiyasının yaradılmasına və 30-dan çox anlaşma memorandumun imzalanmasına baxmayaraq ticarət əlaqələrində böyük inkişaf olmayıb”.

O, həmçinin qeyd edib ki, Azərbaycan külək, günəş və su elektrik stansiyası kimi böyük bərpa olunan enerji imkanlarına malikdir və enerji sektorunda Pakistana kömək edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi