Yuxarı

Nazir: "Soğanın qiymətində ciddi artım olacağına inanmıram”

Bakı. 17 fevral. REPORT.AZ/ “Soğan hazırda real qiymətini alıb və inanmıram ki, bundan sonra soğanın qiymətində ciddi artım baş versin”.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, 1 kq soğanın maya dəyəri, təxminən, 32-35 qəpik təşkil edir: “Əgər müəssisənin sahədən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan, təxminən, 45-47 qəpiyə satılmalıdır ki, fermerin mənfəət əldə etməsinə şərait yaransın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiyməti, daşıyıcılar, qablaşdıranların qiyməti və s. marjalar əlavə olunur, eyni zamanda pərakəndə satışda bazarlarda yer almaq və digər xərclər nəzərə alınmalıdır. Bununla da orta hesabla 35 qəpiyə başa gələn soğanın xərcləri 60-70 qəpiyə çatır. Soğanın pərakəndə satış qiyməti də bu civarlardadır”.

Nazir bildirib ki, uzun illər, hətta devalvasiyadan öncə soğanın qiyməti 70 qəpikdən çox yüksək olub: “Amma son 2-3 il ərzində soğanın orta qiyməti 65-70 qəpik arasında dəyişir. Mən deməzdim ki, soğanın qiyməti aşağı düşüb. Soğan özünün real qiymətini alıb. Əgər soğan real qiymətini almasa, bu, soğan istehsalçılarının zərər etməsinə və növbəti illərdə bu məhsulun istehsalına diqqət yetirməmələrinə səbəb ola bilər. Belə olarsa, istehsalımız, ixracımız şübhə altına alınır. Bu günkü qiymətləri normal qiymət hesab edirəm və inanmıram ki, bundan sonra ciddi artım baş versin”, - kənd təsərrüfatı naziri qeyd edib.

Onun sözlərinə görə, Avopa ölkələrində eyni zamandə FAO-nun hesablamalarında topdan satış və pərakəndə satış qiymətləri arasında marjalar daxil olmaqla, 60-80% fərqin olması normal hesab olunur: "Əgər 5 il öncə bu fərq 3-4 dəfə idisə, indi 60-65% təşkil edir və bu da Avropa ölkələrindəki fərqə bərabərdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi