Yuxarı
    Bağlamaq

    Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilir

    Biznes forum işini noyabrın 27-də də davam etdirəcək

    Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir.

    "Report" nazirliyə istinadən xəbər verir ki, bu gün Minskdə Belarus-Azərbaycan biznes forumu öz işinə başlayıb.

    Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.

    Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, iki ölkə arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ölkələr arasında lazımi müqavilə-hüquqi baza yaradılıb, indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanıb.

    Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən Ş. Mustafayev ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası məqsədilə ölkələrin birgə səylərini artırmasının əhəmiyyətini qeyd edib:

    "Hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Sənaye sahəsində də iki ölkə arasında uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Gəncə Avtomobil Zavodu və Minsk Traktor və Avtomobil Zavodu arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır". 

    Nazir iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.

    Belarus Respublikasının sənaye naziri Vitali Vovk Belarus və Azərbaycan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri barədə məlumat vermiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verir.

    Biznes forum öz işini noyabrın 27-də də davam etdirəcək.Azərbaycan nümayəndə heyəti həmçinin, maşınqayırma, aqrar, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi