Yuxarı

​Maroş Şefçoviç: Xəzər qazını bu onilliyin sonunadək Avropada görəcəyik!

Cənub qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəsləyirik

Bakı. 14 fevral. REPORT.AZ/ "Bugünkü görüşün ən yaxşı nəticəsi yol xəritəsinin tərtibi ola bilər. Biz hansı işlərin görülməsini, hansı problemlərin olduğunu aydın şəkildə bilməliyik. Onları həll edə biləcəyikmi və nə vaxt həll edəcəyik? Cədvələ uyğun işləyəcəyik və proqnozlaşdırdığınız kimi, Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik".

"Report" xəbər verir ki, bu sözləri fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin görüşündə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç çıxışı zamanı bildirib.

Maroş Şefçoviçin çıxışı

- Zati-aliləri cənab Prezident.

Əvvəlcə gözəl Bakı şəhərinə, bu cür möhtəşəm iclas zalına səmimi dəvətinizə görə hamımızın adından sizə minnətdarlığımı bildirmək istəyirəm. Açılış nitqinizdə böyük təəssürat bağışlayan tarixçəni xatırlatdığınıza görə minnətdarıq. Ən böyük təəssürat isə ondan ibarətdir ki, Siz heç vaxt nitqinizi kağızdan oxumursunuz. Siz bu tarixçəni əzbər bilirsiniz, çünki şəxsən iştirak etmisiniz. Siz ölkənizə, regionun gələcəyinə və bu layihəyə bağlısınız. İki ay əvvəl keçirdiyimiz görüş zamanı anladıq ki, keçmişdə buraxdığımız səhvləri öyrənməliyik. Həmin vaxt regionla bağlı olan böyük layihələr maddi formasını tapmadı, çünki kifayət qədər siyasi dəstək yox idi. Biz siyasi baxımdan bu məsələlərə kifayət qədər əhəmiyyət vermədik və əlaqələndirmə mexanizmi çatışmırdı. Bilirdim ki, belə miqyaslı layihə üçün problemlərin həllinə yönəlmiş yanaşmadan istifadə etməliyik. Bilirik ki, bu qədər təəssürat bağışlayan, belə bir əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizi kimi layihəni həyata keçirdikdə, əlbəttə ki, bir çox məsələlər həll olunmalı, onlar vaxtında, lazımi qaydada və konstruktiv yanaşma əsasında aradan qaldırılmalıdır. Bu səbəbdən deməliyəm ki, Xəzər qazının Avropaya çatdırılması bizim uzunmüddətli arzumuz idi. Lakin biz bunu hazırda nəinki düşünmürük, görülmüş işlər sayəsində bu layihəyə artıq yaxınıq.

Bildiyiniz kimi, mən Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğulam. İstəyirik ki, bu layihə Avropa məkanında gözəçarpan keçid yaratsın. Müxtəlif nöqteyi-nəzərdən götürsək, bu müzakirə siyasi gündəlikdə daha yüksək səviyyəyə qaldırılıb. Çünki bu məsələ sizin də qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi ilə bağlıdır. Səmimi desək, biz Avropa İttifaqında yayda yox, qışda nəyin baş verəcəyi haqqında düşünməkdən artıq yorulmuşuq. İnanırıq ki, Avropa kimi böyük iqtisadiyyata və etibarlı istehlakçıya xoş münasibət bəslənilməlidir. Onun ardı kəsilməyən qaz təchizatına hüququ olmalıdır. Buna görə də biz vəziyyətin yaxşılaşması üçün əlimizdən gələni etməliyik. Nail olmaq istədiyimiz həmin şaxələndirilmənin əsas vasitələrindən biri mənbələrin və resursların şaxələndirilməsidir.

Dediyiniz kimi, Cənub qaz dəhlizi Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihədir. Bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə Avropa İttifaqına idxal etdiyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq. Yaxşı bilirsiniz ki, idxal edilən neft və qazın əsas hissəsi üç qonşumuzdan - Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin onu da açıq söyləməliyik ki, Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirdi. Biz mütləq olaraq şaxələndirməni əvvəlkindən daha çox genişləndirməliyik. Elə indicə mən bolqar həmkarlarımızı salamladım, birinci gün Sofiyada onlarla görüş keçirdik. Bu toplantı şuranın qərarı ilə keçirildi. Çünki uzun illər ərzində müzakirə olunan ən iri layihələrdən biri olan “Cənub axını” layihəsinin təxirə salınması ilə bağlı qərar qəbul edilmişdir. Bu layihə baş tutmadı və bu baxımdan Cənub-Şərqi Avropanın həssaslığını göstərdi. Bu problemi biz həll etməliyik. Avropa İttifaqının üzvü olan bütün dövlətlərin enerji təhlükəsizliyinə, Avropa enerji sisteminə real inteqrasiyasını təmin etməliyik. Belə qərara gəldik ki, Avropanın cənub-şərq hissəsindəki üzv dövlətlərin ən azı üç müxtəlif enerji mənbələrinə çıxışına zəmanət verəcək tədbirlər planı iyunda hazırlansın. Bu halda şaxələndirmə və sabit enerji platforması haqqında danışmaq olar.

Əlbəttə ki, biz hazırda həyata keçirilən “Cənub” qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəsləyirik. Buna görə də hesab edirəm ki, bu layihə üçün Məşvərət Şurası əla ideyadır. Şadam ki, bu gün biz konsorsiumdakı biznes tərəfdaşlarımızla da konkret məsələləri müzakirə edəcəyik.

Çox şadam ki, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi cənab Puliti buradadır. Digər təsisatlara - Avropa İnvestisiya Bankının, Dünya Bankının nümayəndələrinə də söz veriləcək. Çünki hesab edirəm ki, bu layihə digər beynəlxalq maliyyə təsisatları üçün də maraqlıdır. Ona görə ki, biz Avropa İttifaqı olaraq öz enerji qurğularımızı bu layihəyə qoşaraq onun müəyyən hissələrinə artıq dəstək vermişik.

Cənab Prezident, çıxışımın sonunda sizə təşəbbüsünüzə və Bakıya səmimi dəvətinizə görə bir daha minnətdarlığımı bildirirəm. Fikrimcə, bugünkü görüşün ən yaxşı nəticəsi yol xəritəsinin tərtibi ola bilər. Biz hansı işlərin görülməsini, hansı problemlərin olduğunu aydın şəkildə bilməliyik. Onları həll edə biləcəyikmi və nə vaxt həll edəcəyik? Cədvələ uyğun işləyəcəyik və proqnozlaşdırdığınız kimi, Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik. Çox sağ olun.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi