Yuxarı

​İlham Əliyev: "Biz nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk"

Dövlət başçısı “Euronews” telekanalının müxbirinə müsahibə verib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib.

2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in uğurla orbitə çıxarılması ilə “Azərkosmos” ASC öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlayıb.

Sonra prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında müqavilə imzalanıb. Bu müqavilə ilə Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyununda orbitə çıxarılan və yeni adı “Azersky” olacaq “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi.

Dövlət başçısı peykdən ilk rəmzi görüntünü əldə etməklə “Azersky” peykinin kommersiya fəaliyyətinə start verib.

Müqaviləyə əsasən “Azərkosmos”a məxsus “Azersky” və “Airbus Defence” and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq.

Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları “Airbus Defence” and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli Pléiades 1A və 1B peyklərindən istifadə imkanı yaradacaq.

Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.

Dövlət başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verdi.

- Cənab prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından siz bu müqaviləni necə qiymətləndirirsiniz?

- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı əməkdaşlıq mövcuddur.

- Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel” sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət olmalıdır?

- “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.

- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm.

- Təşəkkür edirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi