Yuxarı
    Bağlamaq

    Fazil Məmmədov: "Azərbaycanın beynəlxalq reytinqi daha da yüksəlib"

    Azərbaycan neft gəlirlərini qeyri-neft sektorunun inkişafı üçün uğurla istifadə edib

    Bakı. 28 fevral. REPORT.AZ/ "Aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib". 

    "Report" xəbər verir ki, bu, Azərbaycan vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində deyilir.

    Nazirin fikrincə, Azərbaycan neft gəlirlərini qeyri-neft sektorunun inkişafı üçün uğurla istifadə edib: "İnkişaf etməkdə olan ölkəmiz istər regionda, istərsə də dünya miqyasında yüksək artım templəri nümayiş etdirən dövlətlərdən biri kimi tanınır. Son bir neçə ildə dünya iqtisadiyyatı qlobal transformasiyaların, mövcud siyasi-iqtisadi problemlərin təsiri nəticəsində yenidən durğunluq və tənəzzül meyilləri ilə üzləşib. Milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda inkişaf proseslərinə təsir göstərən qlobal faktorların da sayı ciddi şəkildə artıb, bütün ölkələrin bu və ya digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmaz hal alıb.

    Zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib".

    F.Məmmədov həmçinin Azərbaycanın beynəlxalq reytinqinin daha da yüksəldiyini bildirib: "Təsadüfi deyil ki, bütün bunlar qısa müddət ərzində ölkəmizin bir çox beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına gətirib. 2016-cı ildə Dünya İqtisadi Forumunun tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında Azərbaycan 138 dövlət arasında 37-ci yerdədir (MDB ölkələri sırasında isə 1-ci yerdə). Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017" hesabatında isə ölkəmiz 65-ci pillədə qərarlaşıb. Bu hesabatda Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə "Biznesə başlama" göstəricisi üzrə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi