Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xızıda vətəndaş qəbulu keçirib

Vətəndaşların müraciəti əsasən daşınmaz əmlak və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub

Bakı. 23 oktyabr. REPORT.AZ/Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Xızıda vətəndaş qəbulu keçirib. Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Xızı, Siyəzən rayonları və Sumqayıt şəhərindən olan vətəndaşların müraciətlərinə baxılıb. Qəbulda komitə sədri vətəndaşların təklif və xahişlərini dinləyib və bununla bağlı uyğun göstərişlərini verib.

Komitənin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, vətəndaşların müraciəti əsasən daşınmaz əmlak və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət edib.

Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib. Belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlər çatdırılıb.

Qəbulda bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.

Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Komitə sədri qeyd edib ki, artıq daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipi tətbiq edilir. Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. “Bir pəncərə” prinsipi nəinki daşınmaz əmlak və torpaqların qeydiyyatında, eyni zamanda torpaq idarəçiliyi ilə bağlı məsələlərin həllində də uğurla tətbiq edilir. Torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur. Eyni zamanda, torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və digər torpaq məsələləri ilə bağlı müvafiq rəylərin verilməsi, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və onların müraciətlərinə baxılıb.

Qeyd edək ki, komitə sədri tərəfindən regionlarda vətəndaş qəbulları növbəti aylarda da davam etdiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi