Yuxarı

​Dünya Bankı qlobal iqtisadi artım proqnozunu azaldıb

Dünya iqtisadiyyatı 2017-ci ildə 2,8%, 2018-ci iləd isə 3% artacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Dünya Bankı, 2016-2018-ci illərdə qlobal iqtisadiyyatın artım tempi üzrə proqnozunu aşağı salıb.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının son "Qlobal iqtisadiyyatın perspektivləri" adlı hesabatında məlumat verilib. Proqnozun azaldılmasına səbəb kimi, inkişaf etmiş ölkələrdə zəif iqtisadi artım templəri, əmtəə qiymətlərinin aşağı düşməsi, zəifləyən qlobal ticarət və azalan kapital qoyuluşları göstərilib.

Bankın yenilənən proqnozuna əsasən, qlobal iqtisadi artım 2016-cı ildə 2.4% təşkil edəcək. 2017-ci ildə dünya iqtisadiyyatı 2,8%, 2018-ci iləd isə 3% artacaq. Qeyd edək ki, Dünya Bankının yanvar proqnozunda qlobal iqtisadi artım 2016-cı il üçün 2,9%, 2017-ci il üçün 3,1% və 2018-ci il üçün 3,1% təşkil edib.

Bankın hesabat proqnozunda qlobal iqtisadi yavaşlamanın daha da qabarıq ortaya çıxmasına diqqət yetirilib. Yavaşlamanın, xammal ixrac edən ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi, inkişaf etmiş ölkələrin gözləniləndən yavaş fəallıq göstərməsi, özəl sektorun böyük həcmdə borc yükü və geosiyasi qeyri-müəyyənliklərə səbəb olduğu bildirilib. Monetar siyasət manevrlərinin və vergi-büdcə stimullaşdırma imkanlarının azalması iqtisadi artıma nail olmaq üçün struktur islahatları zəruri etdiyi vurğulanıb. Proqnozda qlobal iqtisadiyyatın uzun müddətli zəif artım riski ilə üz-üzə olduğu qeyd olunub.

Dünya Bankı ABŞ iqtisadiyyatı üçün iqtisadi artım proqnozunu yanvar hesabatındakı 2,7%-dən 1,9%-ə, 2017-ci il üçün 2,4%-dən 2,2%-ə, 2018-ci il üçün isə 2,2%-dən 2,1%-ə endirib.

Avrozona üçün 2016-2018-ci illər üçün müvafiq olaraq 1,6%, 1,6%, 1,5% artım proqnozlaşdırılıb. Yanvar hesabatında bu göstəricilər 1,7%, 1,7% və 1,6% təşkil edib.

Çin iqtisadiyyatının artım tempi 2016-2017-ci illərdə yanvar proqnozu ilə eyni-6,7% və 6,5% olacağı, 2018-ci il üçün isə 6,5%-dən 6,3%-ə enəcəyi ehtimal edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi