Yuxarı

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının görüşünün iştirakçıları adından yayılan bəyanatın təfərrüatları açıqlanıb

Bəyanatda enerji təchizatı və nəqlinin təhlükəsizliyinin əhəmiyyəti vurğulanır

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda bu ilin fevralın 12-də keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının görüşünün iştirakçıları adından yayılan bəyanatın mətni açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bəyanatda enerji təchizatı və nəqlinin təhlükəsizliyinin əhəmiyyəti vurğulanır.

Bəyanatda vurğulanır ki, etibarlı təchizat və dünya bazarlarına enerji nəqlinin təhlükəsizliyinin təminatı davamlı inkişafın təmin edilməsində ən vacib və zəruri faktorlardır. Eyni zamanda, strateji əməkdaşlığın əhəmiyyətinin artmaqda olduğunu və Cənub Qaz Dəhlizinin uğurla və qrafikə uyğun həyata keçirilməsi üçün qarşılıqlı faydaya əsaslanan fəaliyyətlərin gücləndirilməsi və genişləndirilməsinə olan niyyət vurğulanır.

Qeyd olunur ki, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrin iştirakçıları üçün əlverişli maliyyələşdirməyə nail olmaq məqsədilə şəffaf, proqnozlaşdırıla bilən və stabil qanunvericilik mühitinin formalaşdırılması, milli və Avropa maliyyə institutlarının cəlb edilməsi üçün daha səmərəli mexanizmlərin işlənib hazırlanması naminə növbəti səylər nəzərdən keçiriləcək. 

Sənəddə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçiriləcək layihələr üzrə fəaliyyətlərin başlanılması üçün tələb olunan müvafiq qanunverici və ilkin hüquqi tələblər, həmçinin icazə və təsdiq qərarları üçün müvafiq ölkələrin hazırlığı təsdiq edilir. 

"Energetika sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bir daha təsdiq edir və Azərbaycandan Avropaya və digər bazarlara enerji təchizatını həyata keçirən marşrutların şaxələndirilməsi istiqamətində aparılan siyasətin davam etdirilməsinin mühüm olduğunu nəzərə alırıq. Layihənin həyata keçirilməsi məsələləri barədə Avropa Birliyinin mövcud formatından ən səmərəli şəkildə istifadə etmək üçün strateji infrastrukturun inkişaf etidirilməsini dəstəkləyir və Avropa Komissiyasının davamlı dəstəyi ilə Cənub Qaz Dəhlizi ilə bağlı konkret yanaşma aparırıq", - bəyanatda qeyd olunur. 

Tərəflər Cənub Qaz Dəhlizinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün məsələləri ən praktik şəkildə və vaxtında həll etmək üçün Cənub Qaz Dəhlizinin bütün potensial gələcək iştirakçılarına da açıq olmaqla ikitərəfli və çoxtərəfli formatda işçi məsləhətləşmələr aparılmasını nəzərdə tutduğunu vurğulayıb.

Birgə bəyanat Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatlarının səlahiyyətli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti tərəfindən imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi