Yuxarı

Bakının ilkin mənzil bazarında qiymətlər düşüb

Tikinti şirkətləri 4 və 5 otaqlı mənzilləri 2 və 1 otaqlı mənzillərə bölməklə satır

Bakı. 13 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod mayak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 149 dollar/kv.metrdən 7,22% azalaraq 1 066 dollar/kv.m-ə, milli valyuta ilə isə ay ərzində 1 206 manat/kv.m-dən 7,38% azalaraq 1 117 manat/kv.m bəndində qərarlaşıb."Report"un verdiyi xəbərə görə, bu barədə “MBA Ltd” konsaltinq şirkətinin monitorinq qrupunun yaydığı aylıq hesabatda bildirilir. 

Məlumatda deyilir ki, bu seqment üzrə qiymətlərin azalması, təkrar yaşayış mənzil bazarında olduğu kimi devalvasiyadan sonrakı qiymət sıçrayışının yüngülləşməsi ilə əlaqədardır.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 52,6%-i, qiyməti 1 000-1 600 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 37,5%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 766 dollar/kv.m və 1 200 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 9,9%-i isə qiyməti 1 600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2 145 dollar/kv.m-dir.

"Yeni tikililərin sayının kəskin azalmasına son aylarda baş verən proseslər nəticəsində tikintinin tempinin aşağı düşməsi, eyni zamanda, bəzi binalarda “pod mayak” olan evlərin artıq təmir olunaraq təkrar mənzil bazarına çıxarılması səbəb olub", - şirkətdən bildirilib.

Ay ərzində ən çox yeni tikili Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyub. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod mayak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edib və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 72,4%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Yasamal rayonunda, “Nizami” metro stansiyası yaxınlığında yerləşən 245 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin satışa təklif olunan qiyməti 3 300 dollar/kv.m təşkil edib. Ən ucuz mənzil isə Masazır qəsəbəsində yerləşən 59 kv.m-lik sahəyə malik yeni tikili, 1 otaqlı mənzildə qeydə alınıb - 400 dollar/kv.m.

Son ayda bаzаrdа təklif olunan “pod mayak” mənzillərin ümumi orta sahəsi 3,1% artaraq 119,21 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 60,41, iki otaqlı 90,11, üç otaqlı 128,64, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 183,23 və 280,0 kv.m qeydə alınıb.

Otaqlar üzrə 3, 4 və 5 otaqlı mənzillərin sayında azalma qеydə alınıb. Təklif üzrə ən çoх azalma 4 otaqlılarda qеydə alınıb (2,0%), 1 və 2 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çoх artım 2 otaqlı mənzillərdə qеydə alınıb (1,3%).

“MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun mütəxəssisləri bildirirlər ki, yeni tikililərin satışında yaranan problemlərdən sonra tikinti şirkətlərinin bir çoxu mənzillərini satmaq məqsədilə böyük kvadratlı (4 və 5 otaqlılar üzrə) mənzilləri 2 və 1 otaqlı mənzillərə bölməklə marketinq və satış siyasətlərində yeniliklər etməyə çalışır. Bu səbəbdən də tədricən təkrar bazara daxil olan yeni tikililərin hesabına yenidən 2 otaqlı mənzillərin sayı ümumi portfeldə 3 otaqlı mənzillərə yaxınlaşır.

Ay ərzində yalnız Səbail və Suraxanı rayonlarında qiymət artımı (3,3% və 27,8%) qеydə alınıb. Apreldə ən çoх qiymət azalması isə Sabunçu və Nəsimi rayonlarında (-18,5% və -15,2%) qеydə alınıb.

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 066 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 67.2%-ə malik olub. Mənzillərin orta otaq göstəricisi 2,65, orta sahə göstəricisi 119,21 kv.m, hər otağın orta satış qiyməti 51 636 dollar, mənzilin orta qiyməti isə 136 838 dollar təşkil еdib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi