Yuxarı

​Azərbaycanda ilk dəfə landşaftı olan piyada körpüsü tikiləcək

Bakı Ağ Şəhər layihəsində qeyri-adi körpü tikiləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Bakı Ağ Şəhər"də yeni piyada körpüsü layihələndirilib. Nobel prospekti üzərindən salınacaq yüksək səviyyəli körpü "Ağ Şəhər"in şimal və cənubunu birləşdirəcək və prospektin yeni nişanına çevriləcək.

"Bakı Ağ Şəhər"dən "Report"a verilən xəbərə görə, eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall" alış-veriş mərkəzinin üçüncü mərtəbəsinə və şimalda Fəvvarələr Meydanının mərkəzinə, alt qatı isə "Central Plaza" ofis binalarının meydanına çıxacaq. Piyadalar həmçinin yaxınlıqda yerləşəcək "Ağ Şəhər" metro stansiyasına da rahat keçid əldə edəcəklər.

Layihə Niderlandın aparıcı memarlıq şirkəti "UN Studio" tərəfindən verilib. 1988-ci ildə təsis edilmiş bu studiya memarlıq, infrastruktur və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə "UN Studio" tərəfindən Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpüləri araşdırılıb. Bu şirkətin verdiyi unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli (skamyalar, məhəccər, zibil qutuları), rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Körpünün mərkəzində hər iki tərəfdən ucalan və üçbucaq şəklində birləşən dəmir-beton qüllələr nəzərdə tutulub. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini bir gəzintiyə çevirəcək. Bütün bu elementlər körpünü canlı ictimai məkan etmək məqsədi daşıyır. "Ağ Şəhər"in landmarklarından biri sayılan körpü Azərbaycanda bu növ ilk piyada körpüsü olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi