Yuxarı

Azərbaycanda 4 631 gənc sahibkara 307,9 mln. manat güzəştli kredit verilib

Bu kreditlər hesabına 14 200-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin birinci ilinin yekunlarına həsr olunmuş “Biznes inkubatorun gənc sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, biznes inkubatorun iştirakçıları, eləcə də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Qeyd edilib ki, ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4 631 gənc sahibkara 307,9mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 14 200-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. Bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramında ölkədə biznes inkubatorların yaradılması öz əksini tapıb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən S. Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb, ölkə regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu, onların inkişafı üçün şəraitin yaxşılaşdırılması, məşğulluğun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubatorun fəaliyyət istiqamətləri barədə məlumat verib, biznes inkubator üçün növbəti iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edildiyini və sənəd qəbulunun davam etdiyini qeyd edib, müsabiqə şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi