Yuxarı

​Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr müzakirə edilib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev monteneqrolu həmkarı Vladimir Kavariç ilə görüşüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç ilə görüşüb.

"Report" nazirliyə istinadən xəbər verir ki, Ş.Mustafayev görüş zamanı qarşılıqlı hörmət, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Monteneqro əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin və aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

"Siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Ötən il Azərbaycanla Balkan regionu ölkələri arasında imzalanmış memorandumlar enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Ölkələrimiz arasında ticarət əlaqələri də inkişaf edir. İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün potensial var və bu istiqamətdə səylərimizi davam etdirməliyik", - deyə nazir diqqətə çatdırıb.

Ş.Mustafayev "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Monteneqronun iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Vladimir Kavariç Azərbaycana növbəti səfərindən və Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakından, ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Görüşdə həmçinin, Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi