Yuxarı

Azərbaycan sahibkarları Almaniyada tədris və təcrübə keçəcəklər

Bakı Biznes Tədris Mərkəzində beynəlxalq seminar keçirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakı Biznes Tədris Mərkəzində (BBTM) "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarlar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə nazirliyin, Almaniyanın Azərbaycandakı səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının yerli nümayəndəliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2016-cı ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçmiş 40-dan çox sahibkar və gənc menecer iştirak edib.

Seminarda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, BBTM-in direktoru Akif Fərruxov, Almaniyanın Azərbaycandakı səfiri Michael Kindsgrab, Almaniya Sənaye və Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, GİZ-in layihələr üzrə baş meneceri Lyudmila Metzdorf, eləcə də Almaniya tədris mərkəzlərinin nümayəndələri "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" barədə məlumat veriblər. Qeyd edilib ki, proqramın icra olunduğu 9 il ərzində Azərbaycandan olan 320 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində ixtisasartırma kursu keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaradıblar.

Tədbirdə ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış edərək, proqram çərçivəsində əldə etdikləri uğurlu nəticələr, Almaniyanın müvafiq şirkətləri ilə qurulmuş işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə iştirakçılara məlumat veriblər.Qeyd edək ki, 16 sahibkar və gənc menecerdən ibarət növbəti qrup Almaniyanın Drezden şəhərində bu ilin 13 noyabr - 8 dekabr tarixlərində tədris və təcrübə keçəcək. Sentyabrın 28-29-da BBTM-də onlar üçün hazırlıq seminarı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi