Yuxarı

Azərbaycan Polşanın tibbi sığorta ilə bağlı təcrübəsini öyrənmək istəyir

Bu ilin dekabrında iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Polşanın inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub.

Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumata görə, görüş energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərliyi, səhiyyə nazirinin müavini Elsəvər Ağayevin, nəqliyyat nazirinin müavini Musa Pənahovun, müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin, Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimovun, Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müavini Vahid Əliyevin və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus “ACSC logistics” MMC-nin baş direktoru İlham Məmmədovun iştirakı ilə keçirilib. 

Görüşdə Azərbaycan-Polşa əməkdaşlığının gələcək inkişaf istiqamətləri müzakirə edilib. Azərbaycanda qeyri-neft sənayesinin inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan energetika nazirinin müavini G.Cavadov bu istiqamətdə xarici investisiyaların cəlbinin vacibliyini diqqətə çatdirib. O, bu baxımdan Polşa şirkətlərinin fəaliyyəti üçün Azərbaycanda geniş imkanların olduğunu deyərək, əməkdaşlıq təkliflərinin dəyərləndirilməsinin əhəmiyyətini qeyd edib. 

R.D.Labentski isə bildirib ki, ölkəsi həm şirkətlər, həm də hökumətlər səviyyəsində əməkdaşlıq əlaqələrinin dərinləşməsində maraqlıdır və iqtisadi münasibətlərin inkişafı baxımından Azərbaycan Polşa üçün vacib ölkədir. O, Polşa şirkətlərinin Azərbaycanda investisiya yatırmaqda maraq göstərdiyi sahələrin və layihələrin çoxşaxəli olduğunu, cari ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyanın 7-ci iclasına qədər irəli sürülən təkliflər üzrə razılaşmaların əldə olunmasının vacibliyini önə çəkib. 

Azərbaycan tərəfdən görüşdə iştirak edən hökumət nümayəndələri təmsil etdikləri sahələr üzrə sərmayə qoyuluşu üçün prioritet saydıqları istiqamətlər və layihələr barədə ətraflı məlumat verərək, bir sıra konkret təkliflər irəli sürüblər. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini həyata keçirməklə Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini qeyd edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yeni nəqliyyat sisteminin formalaşdırılması iki ölkə arasında da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Nazir müavini Azərbaycanın tranzit potensialının gücləndirilməsi, Xəzər hövzəsində logistik mərkəzlərin yaradılması, dəmir yollarının yenidən qurulması kimi layihələrdə Polşa şirkətlərinin iştirakını mümkün hesab edib. 

Səhiyyə nazirinin müavini Elsəvər Ağayev isə əczaçılıq sahəsində Polşa ilə əməkdaşlığın uzun tarixə malik olduğunu və buna nümunə kimi Azərbaycanda qeydiyyatdan keçən dərmanların 3 faizinin bu ölkənin payına düşdüyünü xatırladıb. O bildirib ki, Azərbaycanın dərmana olan tələbatının 99 faiz idxaldan asılıdır. Bu problemin aradan qaldırılması məqsədilə 4 ölkə tərəfindən dərman zavodunun tikilməsi təklif edilib. Polşa da bu prosesdə iştirak edə, Azərbaycanda qeydiyyatdan keçmiş 17 dərman şirkətinin sayını artıra bilər. Eyni zamanda, Polşanın tibbi sığorta sahəsində təcrübəsindən bəhrələnməyin zəruriliyi də diqqətə çatdırılıb. 

Polşanın inkişaf nazirinin müavini səsləndirilən təklifləri yüksək qiymətləndirərək, yeni layihələrin həyata keçirilməsi ilə həm Azərbaycan, həm də Polşanın böyük mənfəət əldə edəcəyinə ümidlərini ifadə edib. 

Görüşün yekununda Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya həmsədrlik edən qurum kimi Energetika Nazirliyi tərəfindən bu münasibətlərin daha da inkişafına lazımi dəstəyin veriləcəyi diqqətə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi