Yuxarı

Azərbaycan nümayəndə heyəti Gürcüstanın baş naziri ilə görüşüb

Bakı. 7 mart. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfəri zamanı bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə G.Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd edilib ki, enerji və nəqliyyat sahələrində birgə irimiqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.

Azərbaycanın iqtisadiyyat naziri Gürcüstanla əməkdaşlığın inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. İki ölkənin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Ş. Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Bu sahədə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun önəmini vurğulayan Ş.Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizimin inkişafında da əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi