Yuxarı

​Azərbaycan ilə Fransanın Elzas regionu arasında əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Bakıda Elzas regionunun nümayəndə heyəti ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Elzas regionunun nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Fransa arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, Fransanın şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq edir. Elzas regionundan olan nümayəndə heyətinin ölkəmizə səfəri Fransa regionları ilə əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Azərbaycan ilə Elzas regionu arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev sənaye sahəsində, eləcə də sənaye parklarında fransız şirkətlərinin iştirakı, kənd təsərrüfatı, şərabçılıq sahələrində əlaqələrin inkişafı üçün geniş potensial olduğunu qeyd edib. Nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan Ş.Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu diqqətə çatdırıb.

Jan-Mari Bokel ölkələrimiz arasında əlaqələrin inkişafını qeyd edib, iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Digər fransalı qonaqlar da əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi